Fransanın "Marsel" klubunun futbolçusu Timoti Vea komandanın azarkeşlərinin futbolçuların psixoloji vəziyyətinə təsirindən danışıb.
İdman.Biz xəbər verir ki, 26 yaşlı amerikalı futbolçu "Marsel"də çıxış edən oyunçuların həm tənqidə, həm də tərifə hazır olmalı olduqlarını vurğulayıb.
"Çətin günləri qarşılamağa və yaxşı günlərdən zövq almağa psixoloji cəhətdən hazır olmalısan", - deyə Vea bildirib.
Futbolçunun sözlərinə görə, azarkeşlərin təzyiqi oyunçunu həm gücləndirə, həm də psixoloji cəhətdən sındıra bilər.
"Azarkeşlər çox tələbkardırlar. Onlar bizi izləmək üçün zəhmətlə qazandıqları pulları xərcləyirlər. Məğlub olduğumuz zaman bu, bütün şəhərə təsir edir. Qalib gələndə isə bütün şəhər coşur", - deyə amerikalı futbolçu əlavə edib.
Qeyd edək ki, "Marsel" noyabrın 26-da Avropa Liqasında Bolqarıstanın "Levski" klubu ilə qarşılaşacaq. Fransa təmsilçisi dörd oyundan sonra üç xalla turnir cədvəlinin 31-ci pilləsində qərarlaşıb.