PSJ və Fransa millisinin sabiq müdafiəçisi Leyvin Kurzava peşəkar futbolçu karyerasını başa vurub.
İdman.Biz xəbər verir ki, 34 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Bir gün ilk addımı atmaq lazım idi. İndi isə bu yolu başa vurmaq üçün doğru zamanı seçmək lazımdır. Uzun illər davam edən ehtiras, fədakarlıq, arzular və emosiyalardan sonra həyatımın bu möhtəşəm səhifəsini çevirmək vaxtı çatıb. Futbol mənə hər şeyi öyrətdi və çox şey qazandırdı. Bu, sadəcə, karyera deyil, ehtirasla dolu bütöv bir həyatdır", - Kurzava bildirib.
Fransalı müdafiəçi çıxış etdiyi klublara və birlikdə çalışdığı insanlara təşəkkür edib:
"Monakodan PSJ-yə, "Fulhem"dən "Boavişta"ya və nəhayət, "Persib"ə qədər tariximin yazılmasına kömək edən bütün klublara təşəkkür edirəm. Komanda yoldaşlarıma, klub prezidentlərinə, məşqçilərə və bu yolda qarşılaşdığım hər kəsə minnətdaram".
Kurzava Fransa millisində çıxış etməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
"Fransa millisinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Ölkəmi təmsil etmək imkanı mənim üçün həmişə böyük qürur mənbəyi olacaq".
Qeyd edək ki, Kurzava 2015-2024-cü illərdə PSJ-nin formasını geyinib və Paris təmsilçisi ilə beş dəfə Fransa çempionu olub. O, Fransa millisində 13 oyun keçirib.
Müdafiəçi 2017-ci ildə Çempionlar Liqasında "Anderlext"lə qarşılaşmada üç qol vuraraq turnirin tarixində het-trik edən ilk müdafiəçi kimi tarixə düşüb.
Onun son klubu İndoneziyanın "Persib" komandası olub.