Solğun süni ot örtüyündə kvadrat çevrələr, toru olmayan dəmir qapılar və ətrafı kubiklərlə hörülmüş meydança... Əlbəttə, bu, "Kamp Nou" deyil. Amma burada hər top zərbəsində, hər uşaq qışqırığında idman ruhunu hiss etmək mümkündür. Ola bilər ki, məhz bu həyət Azərbaycanın gələcək futbol ulduzlarının yetişdiyi məkandır.
Bu "stadion" Kürdəxanı kəndində, şəxsi evin həyətində yerləşir. Onu evin sahibi, 45 yaşlı Zakir Əliyev yaradıb. Kənddə hamı onu tanıyır: kimin uşaqları onun yanında məşq edib, kiminsə özü vaxtilə onun komandasında oynayıb. Futbola laqeyd qalmayan onlarla uşağın həyatı Zakir müəllimin bu futbol məktəbindən keçib.
Onun futbola sevgisi yoluxucudur. Köhnə ayaqqabısı, tozlu həyət, torpaqlı meydança belə, topu ustalıqla idarə etməsinə mane olmur. Zakir Əliyev vaxtilə özü də futbolçu olub. "İdman.Biz"ə danışdığından belə məlum olur ki, peşəkar klubda oynamaq arzusu valideynlərinin onun gələcəyi ilə bağlı fərqli planlarının olması səbəbi ilə gerçəkləşməyib.
Zakir Əliyev dövlət qurumlarını təmsil edən komandalar arasında futbol turnirində
Futbola sevgini ona atası aşılayıb, sonra isə bu arzunu əlindən alıb
Zakir müəllimin futbola sevgisi təxminən beş yaşında yaranıb: "Atam sovxozda işləyirdi və futbola çox marağı vardı. Onun necə oynadığını seyr edirdim, sonra birgə evə qayıdır, televizorda matçlara baxırdıq", – deyə həmsöhbətimiz xatırlayır.
O vaxtlar ailə "Neftçi"nin azarkeşi idi, Zakir bu komandanı bu gün də "uşaqlıq sevgim" adlandırır. SSRİ dağıldıqdan və xarici oyunların efirdə göstərilməsindən sonra sevdiyi komandalar siyahısına "Barselona", "Liverpul" və "Qalatasaray" da əlavə olunub.
Zakir Əliyev özü də həyətlərdə uşaqlarla futbol oynayıb. Bir dəfə Kürdəxanıda yeni yaradılmış yeniyetmələr komandasının oyununa baxmağa gedib və oynamaq istədiyini söyləyib. O, meydanda elə yaxşı çıxış edib ki, məşqlərə dəvət alıb və cəmi bir il sonra əsas heyətə düşüb.
Tezliklə onun karyerasını dəyişə biləcək bir təklif gəlib:
"Bakı kənd və qəsəbələri arasında futbol turniri keçirilirdi. Komandamız məğlub olsa da, çox yaxşı oynadım, sanki bütün ruhumu meydana qoymuşdum. Oyundan sonra mənə tanımadığım bir kişi yaxınlaşdı, məlum oldu ki, seleksiya üzrə məşqçidir. Bu, 1996-cı il idi, o vaxt müxtəlif yaş qruplarından ibarət Azərbaycan yığmaları formalaşdırılırdı. Məni U-16 komandaya dəvət etdi. Yadımda qalıb, o vaxt məşqlər İsmət Qayıbov adına stadionda keçirilirdi. And içirəm, o an elə bil bütün dünya ayağımın altındaydı. O qədər sevinirdim ki, bunu sözlə ifadə etmək çətindir".
16 yaşlı Zakir sevinə-sevinə evə qaçıb, xəbəri atasına deyib. Amma atası bu sevinci onunla paylaşmayıb və komandaya qoşulmasına icazə verməyib:
"O, anlayırdı ki, futbol çətin və qeyri-sabit yoldur. İstəyirdi ki, mən prokuror olum. Atam tez dünyasını dəyişdi, mənim cəmi 21 yaşım var idi. Onunla bu barədə ürəkdən danışmağa belə imkan tapmadıq. Heç vaxt bilməyəcəyəm ki, o, həmin qərarına görə peşman olub, ya yox".
Zakir Əliyev mini-futbol komandası ilə
Xidməti formada məşqçilik
Ailəsinin təkidi ilə Zakir Azərbaycan İqtisad Universitetinin nəzdindəki Sosial-İqtisadi Kollecə daxil olub və yol polisi ixtisasına yiyələnib. Amma tale yenə də onu futbola yönəldib. O, 22 il Ədliyyə Nazirliyinin mühafizə xidmətində çalışıb, boş vaxtlarında isə sevdiyi işlə - futbol və uşaqları məşq etdirməklə məşğul olub.
Zakir müəllim çimərlik futbolu, mini-futbol da oynayıb, bir sözlə, harada futbol olubsa, o da orada olub:
"Növbəli işləyirdim. Evdə olduğum günlərdə Kürdəxanı uşaqları üçün məşqlər keçirdim. Həm iş, həm futbolu birləşdirmək çətin idi. Amma uşaqları heç vaxt tək buraxmırdım. Bəzən gecə növbəsindən yorğun halda çıxıb, elə xidməti formamı dəyişməmiş uşaqları yarışlara aparırdım. Futbola həmişə ciddi yanaşmışam, çünki bu, mənim həyatımın bir parçasıdır".
Zakir Əliyev (ortada) Ədliyyə Nazirliyində mühafizə xidmətində işlədiyi müddətdə
Həyətindəki "stadion"
Zakir müəllimin əsas məqsədi uşaq futbolunun inkişafıdır. O, uşaqların boş vaxtlarını səmərəli keçirməsini, idmanla məşğul olub sağlam həyat tərzi sürməsini istəyir: "Heç vaxt zərərli vərdişlərim olmayıb. Şagirdlərim üçün nümunə olmaq istəyirəm".
İdman zalları və stadionlarda məşq keçmək həm bahalı, həm də Kürdəxanıdan uzaqda olduğuna görə Zakir Əliyev "stadionu" elə evinin həyətində qurmaq qərarına gəlib:
"Bir dəfə şagirdlərimdən biri yol kənarında atılmış süni ot parçası görüb və onları gətirməyi təklif etdi. Əlbəttə, razılaşdım, çünki yenisini almağa imkanım yoxdur. Şərait ideal deyil, amma uşaqlar burada istədikləri qədər, istədikləri vaxt məşq edə bilirlər".
Zakir müəllim məşqləri tamamilə pulsuz keçirir. Bəzən valideynlər onun zəhmətini qiymətləndirərək az da olsa maddi dəstək göstərirlər – məsələn, top alırlar. Amma Zakir müəllim deyir ki, belə yardımı qəbul etmək ona çətindir:
"Hazırda təqaüddəyəm, 600 manat alıram. Ayda 500 manata da mühafizəçi kimi işləyirəm. İki uşağım var, bu pulla dolanmaq asan deyil, amma heç vaxt şikayət etmirəm".
Həvəskar məşqçi imkan daxilində şagirdlərinə də yardım edir: "Bəzən uşağa forma almışam. Bir dəfə bir oğlan məşqlərə gəlməyi dayandırdı, amma səbəbini gizlədirdi. Sonra uşaqlar dedilər ki, yolpulu tapmadığına görə gələ bilmir. Mən də ona bu məsələni həll etməkdə kömək etdim. İstəmirəm uşaqlar belə xırda şeylərə görə idmandan uzaqlaşsın".
"Qoy onlar mənim görə bilmədiklərimi görsünlər"
İndi Zakir Əliyev qarşısına bir məqsəd qoyub - bir neçə şagirdinin peşəkar klublara düşməsinə kömək etmək. Bu, onun üçün artıq yenilik olmayacaq: yetirmələrindən biri artıq "Zirə" klubunda çıxış edir. O, indi daha iki-üç uşağa ümid bəsləyir, amma adlarını açıqlamaq istəmir:
"İstəyirəm uşaqlarım peşəkar komandaya düşsünlər, bütün bu əziyyət hədər getməsin. Məndə alınmadı, amma inanıram ki, onlarda alınacaq. Qoy onlar mənim görə bilmədiklərimi görsünlər".
Zakir müəllimin öz övladları da var: 11-ci sinifdə oxuyan oğlu və beş yaşlı qızı. Onlar da futbola maraq göstəriblər, amma oğlu peşəkar futbolçu olmaq istəməyib:
"Əgər görürəmsə ki, oğlumun nə istedadı, nə də həvəsi var, onu məcbur etmirəm. Başqa uşaqlar var, onlara kömək edə bilərəm. Mənim üçün fərqi yoxdur – öz övladım, ya başqasının uşağı, hamısına eyni baxıram".
Zakir Əliyev ümid edir ki, kiçik qızı futbolla məşğul olub peşəkar futbolçu olacaq.
Zakir Əliyev oğlu ilə
Zakir Əliyevin arzusu
Uşaqların məşqlərini və nailiyyətlərini göstərmək üçün Zakir Əliyev "TikTok" hesabı istifadə edir. Onun videolarının altında tez-tez belə şərhlər yazılır: "Sayənizdə futbola aşiq oldum", "Mənim məşqçim futbola həvəsimi öldürdü, sizə gələ bilərəmmi?".
Zakir müəllim deyir ki, bu cür sözlər ona böyük stimul verir:
"Məni həm müsbət, həm də tənqidi rəylər ruhlandırır. Daha çox çalışmaq, "stadionumuzu" yaxşılaşdırmaq istəyirəm. Əslində, demək istəyirəm ki, şərait əsas deyil, əsas olan işinə ürəklə yanaşmaqdır". Onun ən böyük arzusu isə Kürdəxanıda bütün uşaqlar üçün açıq olan, əsl futbol stadionu görməkdir:
"İstəyirəm ki, belə bir stadion yaradılsın və mən də orada məşq keçə bilim. Ürəyimdə bir ümid var ki, kimsə bu fəaliyyətimi görəcək və bu arzunun reallaşmasına kömək edəcək".
Müsahibmiz əlavə edib ki, bu gün özünü hansısa klubun azarkeşi adlandıra bilmir.
"Mən Azərbaycan futbolunun fanatıyam! Onu inkişaf etdirməliyik və ilk növbədə uşaqlardan başlamalıyıq. Futbol mənim qanımdadır və ölkəmizdə onun çiçəklənməsi üçün əlimdən gələni edəcəyəm".
Leyla Əminova