İspaniyanın Valensiya Muxtar İcmasının Ali Məhkəməsi keçmiş "Valensiya" futbolçusu Rafa Mirin cinsi zorakılıq işi üzrə həbs cəzasını 8 il 6 aydan 7 ilə endirib.
Sportify.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Məhkəmə futbolçunun müdafiə tərəfinin apellyasiya şikayətini qismən təmin edib və bədən xəsarəti yetirməyə görə nəzərdə tutulan 18 aylıq həbs cəzasını ləğv edib. Hakimlər zərərçəkmiş şəxsdə hadisədən sonra yaranan təşviş-depressiv pozuntunun ayrıca cinayət kimi qiymətləndirilə bilməyəcəyi qənaətinə gəliblər. Bununla belə, cinsi zorakılığa görə müəyyən edilmiş 7 illik həbs cəzası qüvvədə saxlanılıb.
Hadisə 2024-cü il sentyabrın 1-nə keçən gecə futbolçunun "Valensiya"da çıxış etdiyi dövrdə Betera şəhərindəki evində baş verib. Həmin ilin sentyabrında zərərçəkmiş şəxsin şikayəti əsasında futbolçu saxlanılıb.
Qeyd edək ki, 2026-cı il iyunun 15-də Valensiya məhkəməsi Rafa Miri 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmiş və onu zərərçəkmiş şəxsə 64 min avro təzminat ödəməyə məcbur etmişdi.