2014/2015 mövsümündə "Bakı" futbol klubunun heyətində Azərbaycan Premyer Liqasının ən məhsuldar futbolçusu olmuş Nurlan Novruzov məşqçi kimi fəaliyyətə başlayıb.
33 yaşlı Nurlan Novruzov "Neftçi"nin U-12 komandasına məşqçi təyin olunub.
Sabiq bombardir İdman.Biz-ə müsahibəsində peşəkar futbolçu karyerası və məşqçiliyə başlamasına dair məqamlara aydınlıq gətirib.
- Uzun illər futbolçu kimi çıxış etdikdən sonra məşqçilik fəaliyyətinə başlamaq qərarını necə verdiniz? Ümumiyyətlə, bu qərarı verərkən kimlərlə məsləhətləşdiniz?
- Məşqçi kimi özümü hazır hiss etdim və başlamaq qərarına gəldim. Təbii ki, keçmiş futbolçulardan çoxu artıq fəaliyyətə başlamağımı məsləhət görürdü. Sağ olsunlar, onların fikirlərini dinləyirdim, amma özümü tam hazır hiss etmədən qərar vermək istəmirdim. Vacib məqamlardan biri də uşaq futbolundan başlamaq istəyim idi. Çünki uşaq futbolu təməldir. Zamanla böyük futbolda da məşqçi kimi özümü sübut etmək istəyirəm. Buna görə də uşaq futbolunun bütün incəliklərini öyrənməliyəm.
- Niyə məhz U-12 yaş qrupunda işləmək qərarı verdiniz?
- Mənim ilk təcrübəm U-8-də olub. Qısa zamanda rəhbərlik U-12 komandasında çalışmağımı məsləhət gördü. Sağ olsunlar. Mən də rəhbərliyin ümidlərini doğrultmaq üçün əlimdən gələnin artığını edəcəyəm.
- 2014/2015 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri oldunuz. Həmin mövsümü necə xatırlayırsınız? Çiyin-çiyinə oynadığınız futbolçularla münasibətləriniz davam edirmi?
- Karyeramın ən gözəl mövsümlərindən biri idi. Bülent Korkmaz(Türkiyəli mütəxəssis Bülent Korkmaz 2009/2010 mövsümündə Bakıda məşqçi kimi işləyib – red) məni kəşf edib tanıtdıqdan sonra növbəti ildə çempionatın ən yaxşı gənc futbolçusu seçildim və bununla da Premyer Liqa karyeram başladı. Həmin dövrdə birlikdə oynadığım futbolçuların əksəriyyəti hazırda məşqçilik edir. Onlarla əlaqələrimiz çox yaxşıdır. Bu gün də "Neftçi" PFK-nin digər yaş qruplarında çalışırlar. Bu, çox sevindirici haldır. İllər əvvəl çiyin-çiyinə oynadığım komanda yoldaşlarımın bəziləri ilə akademiyada hər gün üz-üzə gəlirik.
- Türkiyə, Moldova, Estoniya, Litva və Nepalda çıxış etmisiniz. Bu ölkələrin futbol mədəniyyəti arasında hansı fərqlər var?
- Çox fərq var. Hər ölkənin öz futbol üslubu var. Amma Avropada futbolçulara münasibət tamamilə fərqlidir. Futbolçu özünü fərqli hiss edir, rahat olur. Bu da meydanda sərbəst qərarlar verməsinə şərait yaradır. Bizdə də kifayət qədər gənc istedadlar var. Onları düzgün istiqamətləndirmək lazımdır. Təbii ki, qazandığım təcrübələri gənclərə tövsiyə edərək, məşqlərdə onlarla daha rahat işləyərək böyük futbolçu olmaları üçün çalışacağam.
- Sizcə, Azərbaycanda uşaq futbolunun inkişafına mane olan əsas problemlər hansılardır?
- Məncə, uşaqları çox sıxmamaq lazımdır. Meydanda tam sərbəst olmaları üçün çalışmalıyıq. Ən önəmlisi isə onları indidən sistemli futbola alışdırmağımızdır. Bizdə həqiqətən çox istedadlı futbolçu var. Dediyim kimi, onları düzgün istiqamətləndirməli və sistemli oyuna alışdırmalıyıq ki, böyük futbola keçdikləri zaman meydandakı oyun üslubuna və təzyiqlərə hazır olsunlar.