İtaliya Seriya A-nın 31-ci turu çərçivəsində "İnter" və "Roma" komandaları arasında prinsipial qarşılaşma baş tutub. Milandakı "Cuzeppe Meatza" stadionunda keçirilən oyun qollarla zəngin olub və meydan sahiblərinin 5:2 hesablı möhtəşəm qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, baş hakim Simone Sodzanın idarə etdiyi matçda hesabı artıq ikinci dəqiqədə "İnter"in hücumçusu Lautaro Martines açıb. Qonaqlar 40-cı dəqiqədə Canluka Mançininin qolu ilə cavab versələr də, ilk hissənin sonuna əlavə olunmuş vaxtda Hakan Çalhanoğlu milanlıları yenidən önə keçirib.
İkinci hissədə "İnter" hücumlarını daha da kəskinləşdirib. 52-ci dəqiqədə Lautaro Martines dublunu rəsmiləşdirib, 55-ci dəqiqədə isə Markus Türam dördüncü qolu rəqib qapısından keçirib. 63-cü dəqiqədə Nikolo Barella hesabı 5:1 edərək qalibi erkən müəyyənləşdirib. "Roma"nın yarımmüdafiəçisi Lorentso Pelleqrini 70-ci dəqiqədə fərqi azaldaraq son nöqtəni qoyub.
Bu qələbədən sonra 72 xala malik olan "İnter" turnir cədvəlinə başçılıq edir. "Roma" isə 54 xalla altıncı pillədə qərarlaşıb. Növbəti turda "İnter" aprelin 12-də "Komo", "Roma" isə aprelin 10-da "Piza" ilə qarşılaşacaq.
22:19
İtaliya A Seriyasının 31-ci turu çərçivəsində bazar günü keçirilən matçda "Piza" öz meydanında "Torino"nu qəbul edib. Gərgin keçən mübarizədə qonaqlar minimal hesablı qələbəyə seviniblər – 1:0.
İdman.Biz xəbər verir ki, oyunun ilk hissəsində komandalar qol vura bilməyiblər. Matçın qolsuz bərabərliklə yekunlaşacağı gözlənilsə də, son dəqiqələrdə turinlilər təzyiqi artıraraq rəqib qapısına yol tapıblar. 86-cı dəqiqədə Markus Pedersenin ötürməsindən sonra Çe Adams fərqlənərək komandasına qələbə qazandıran qola imza atıb.
Bu qələbə sayəsində xallarının sayını 36-ya çatdıran "Torino" turnir cədvəlində 12-ci pilləyə yüksəlib. Aktivində 18 xalı olan "Piza" isə sonuncu - 20-ci yerə geriləyib.
19:43
"Bolonya" səfərdə "Kremoneze"ni məğlub edərək İtaliya A Seriyasının 31-ci turunu üç xalla başa vurub – 2:1.
İdman.Biz xəbər verir ki, qonaqların heyətində Joau Mariu (üçüncü dəqiqə) və Conatan Rou (16-cı dəqiqə) fərqləniblər. Hər iki qolda məhsuldar ötürməni müdafiəçi Xuan Miranda öz aktivinə yazdırıb.
Meydan sahibləri oyunun sonunda, 90+1-ci dəqiqədə Federiko Bonatsolinin penalti zərbəsi ilə fərqi azaltsalar da, bu, məğlubiyyətdən qaçmaq üçün kifayət etməyib.
Bu qələbədən sonra xallarının sayını 45-ə çatdıran "Bolonya" turnir cədvəlində səkkizinci pilləyə qalxıb. 27 xalı olan "Kremoneze" isə 17-ci yerdə qərarlaşıb.