Braziliyanın "Korintians" futbol klubunun rəsmi saytı haker hücumuna məruz qalıb. Sport24.az xəbər verir ki, bu barədə "Globo Esporte" məlumat yayıb.
Oktyabr 31-i gecə saatlarında klubun rəsmi səhifəsində hazırda "Inter Miami"də çıxış edən argentinalı hücumçu Lionel Messinin komandaya transfer olunduğunu iddia edən bir mesaj yerləşdirilib. Həmçinin, Messinin transferi və klubun 39 yaşlı argentinalının keçidini reallaşdırmaq üçün hazırladığı maliyyə sxemi barədə ətraflı məlumat verən bir bəyanat dərc olunub.
Bundan əlavə, Lionel Messinin adından uydurma bir sitat da yerləşdirilib. Həmin sitatda onun Braziliya klubuna qoşulmasından məmnunluq duyduğu iddia olunub. Səhərə yaxın saytın fəaliyyəti bərpa olunub və Messi ilə bağlı paylaşım saytdan silinib.
Profilaktik tədbir olaraq, Braziliya klubu rəqəmsal platformalardakı təhlükəsizlik protokollarını gücləndirmək istiqamətində işlər aparır. Bu səbəbdən "Korintians" və komandanın ev oyunlarını keçirdiyi "Neo Quimica Arena"nın rəsmi saytları müvəqqəti olaraq fəaliyyət göstərmir.