FIFA prezidentliyi uğrunda mübarizəyə qoşulan Fransa Futbol Federasiyasının rəhbəri Filipp Diallo hazırkı prezident Canni İnfantinonun idarəçilik üsulunu sərt tənqid edib.
İdman.Biz xəbər verir ki, 63 yaşlı funksionerin namizədliyi noyabrın 17-də Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsi tərəfindən rəsmən təsdiqlənib. Diallo Parisdə keçirdiyi mətbuat konfransında seçki kampaniyasına başladığını açıqlayıb.
"Mən bu seçkiyə sadəcə alternativ fikir səsləndirmək üçün deyil, qalib gəlmək üçün qoşuluram. Son aylarda baş verənlər futbol dünyasını sarsıdıb və bizim futbolun gələcəyi ilə bağlı baxışlarımıza uyğun gəlmir", - deyə o bildirib.
Diallo FIFA-da mühüm qərarların şəffaflıq olmadan qəbul edildiyini iddia edib:
"Futbolun ən vacib məsələləri maraqlı tərəflərlə məsləhətləşmədən, bağlı qapılar arxasında həll olunur. Son hadisələr futbolun imicinə və etibarlılığına zərbə vurub, parçalanma yaradıb".
Fransalı funksioner narazılıq doğuran qərarlar sırasında dünya çempionatının kommersiya hüquqlarının özəl investorlara verilməsi planını, FIFA-nın Sülh Mükafatının təsis edilməsini, Folarin Baloqunun qırmızı vərəqə cəzasının ləğvini və mundialın finalında fasilənin uzadılmasını göstərib.
Diallo digər qitələrdən də dəstək almağa çalışdığını gizlətməyib. Onun sözlərinə görə, artıq Avropadan kənarda yerləşən federasiyalardan müsbət siqnallar daxil olub.
"UEFA-nın yekdil dəstəyi sayəsində artıq böyük səs bazasına malikəm. İndi mənim və komandamın vəzifəsi digər qitələrdəki federasiyaları da inandırmaqdır. Dünəndən etibarən başqa qitələrdən ciddi dəstək siqnalları almışam. Bunlar yaxın günlərdə açıqlanacaq", - deyə o vurğulayıb.
Fransa Futbol Federasiyasının prezidenti Yaponiyanın sabiq futbol rəhbəri, FIFA prezidentliyinə digər namizəd Kozo Taşima ilə də əlaqə saxladığını bildirib. Diallo onunla qüvvələri birləşdirmək niyyətindədir.
"Bizim yanaşmalarımız eyni qiymətləndirmələrə və dəyərlərə əsaslanır", - deyə funksioner əlavə edib.
Diallo FIFA rəhbərliyinə seçiləcəyi təqdirdə idarəetmədə şəffaflığı artırmağı, klubların və futbolçuların qərarların qəbulunda iştirakını genişləndirməyi planlaşdırdığını bildirib.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsində və FIFA Şurasında təmsil olunan Avropa milli assosiasiyalarının nümayəndələri noyabrın 16-da Diallonun namizədliyini yekdilliklə dəstəkləyiblər. FIFA prezident seçkiləri 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək.