Azərbaycan cüdoçusu Məhəmməd Musayev Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək gənclər arasında dünya çempionatında reytinq lideri kimi mübarizə aparacaq.
İdman.Biz xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi iştirakçı siyahısında təmsilçimiz 66 kq çəki dərəcəsində gənclərin dünya reytinqinin birincisi kimi göstərilir. Onun çıxış edəcəyi çəkidə hazırda 51 cüdoçu qeydiyyatdan keçib.
Musayev ötən il Perunun paytaxtı Limada keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb. O, həmçinin 2025-ci ildə Bratislavada və bu il Podqoritsada təşkil olunan gənclər arasında Avropa çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Dünya çempionatının püşkatma mərasimi noyabrın 18-də keçiriləcək. Fərdi yarışlar noyabrın 19-21-də, qarışıq komandaların mübarizəsi isə noyabrın 22-də baş tutacaq. Azərbaycan mundialda doqquz oğlan və beş qız olmaqla 14 cüdoçu ilə təmsil olunacaq.