Azərbaycan boksçusu Səbuhi Əlizadə Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatına qələbə ilə başlayıb.
İdman.Biz xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/8 finalda Ermənistan idmançısı İşxan Hovsepyanla qarşılaşıb.
Döyüş ərzində üç xəbərdarlıq alan Hovsepyan diskvalifikasiya olunub. Bununla da Əlizadə qalib elan edilərək adını səkkiz ən güclü boksçu sırasına yazdırıb.
Səbuhi 1/4 finalda bolqarıstanlı Kiril Georgiyevlə üz-üzə gələcək. Rəsmi yarış cədvəlinə əsasən, qarşılaşma noyabrın 20-də keçiriləcək.
Qeyd edək ki, 39 ölkədən 276 idmançının qatıldığı çempionata noyabrın 24-də yekun vurulacaq. Azərbaycan millisi yarışda yeddi boksçu ilə təmsil olunur.