"Sabah"ın qapısına üç qol vurmaqla yadda qalan "Mançester Yunayted"in 16 yaşlı futbolçusu Cey Cey Qabriel İngiltərə klubu ilə vidalaşıb.
İdman.Biz xəbər verir ki, gənc hücumçu sosial şəbəkə hesabında emosional vida videosu paylaşaraq klubdan ayrıldığını açıqlayıb.
"Siz mənə hər zaman əziz tutacağım anlar yaşatdınız. Mənə inanan və inkişafıma kömək edən bütün məşqçilərə, klub əməkdaşlarına və komanda yoldaşlarıma təşəkkür edirəm. Karyeramda yeni səhifə açarkən ‘Mançester Yunayted" həmişə həyat hekayəmin bir hissəsi olaraq qalacaq", - deyə Qabriel bildirib.
2020-ci ildə "Mançester Yunayted"in akademiyasına qoşulan futbolçu sentyabrda klubdan ayrılmaq istədiyini rəhbərliyə çatdırmışdı. İngiltərə təmsilçisi onu komandada saxlamağa çalışsa da, gənc istedad qərarını dəyişməyib.
Qabrielin karyerasını "Real Madrid"də davam etdirəcəyi gözlənilir. Madrid klubu futbolçunun transferində əsas favorit hesab olunur. Lakin keçid hələ rəsmiləşməyib.
Qeyd edək ki, Qabriel sentyabrın 10-da UEFA Gənclər Liqasının ümumi mərhələsində "Sabah"a qarşı keçirilən görüşdə het-trik etmişdi. "Mançester Yunayted"in U-19 komandası həmin qarşılaşmada Azərbaycan təmsilçisinə beş cavabsız qolla qalib gəlmişdi.