"Orlando Siti"nin hücumçusu Antuan Qrizmann MLS-də 2026-cı ilin ən yaxşı yeni futbolçusu seçilib.
İdman.Biz xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
Fransalı futbolçu səsvermədə "Hyuston Dinamo"nun üzvü Gilyerme və "Sportinq Kanzas Siti"nin oyunçusu Andre Luisi qabaqlayıb. Qrizmann ümumi səslərin 51,02 faizini toplayaraq mükafatın sahibi olub.
Martda "Orlando Siti" ilə müqavilə imzalayan və iyulda komandaya qoşulan 35 yaşlı hücumçu MLS-in müntəzəm mövsümündə 14 qol vurub, səkkiz məhsuldar ötürmə edib. O, cəmi 15 oyunda 20 məhsuldar göstəriciyə çataraq liqa tarixində bunu ən sürətlə bacaran ikinci futbolçu olub.
Qrizmann həmçinin bu mükafatı qazanan ilk fransalı və "Orlando Siti"nin ilk futbolçusu kimi tarixə düşüb.
Qeyd edək ki, "Orlando Siti" Şərq Konfransında səkkizinci yeri tutaraq pley-offa vəsiqə qazanıb. Komanda noyabrın 19-da "Sinsinnati" ilə qarşılaşacaq.