"Barselona"nın müdafiəçisi Aleks Baldenin gələcəyi ilə bağlı yeni hadisə baş verib. Futbolçunun agenti Jorje Mendeş Kataloniya paytaxtına gələrək onunla görüşüb.
İdman.Biz "Mundo Deportivo"ya istinadən xəbər verir ki, portuqaliyalı agent noyabrın 17-də saat 13:00 radələrində Barselonaya gəlib.
Mendeş əvvəlcə "Gestifute" agentliyinin iki əməkdaşı ilə nahar edib, daha sonra Baldenin evinə yollanıb. Agentin müdafiəçi ilə görüşü qış transfer pəncərəsi ərəfəsində onun "Barselona"dan mümkün ayrılığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
23 yaşlı futbolçu cari mövsümdə baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında əsas heyətdəki yerini itirib. O, cəmi beş qarşılaşmada meydana çıxaraq 123 dəqiqə oynayıb.
Baldenin xidmətində PSJ və "Yuventus" maraqlıdır. Bununla belə, müdafiəçi üçün hələlik rəsmi təklifin daxil olduğu barədə məlumat yoxdur.
"Barselona"nın qış transfer pəncərəsində heyətini gücləndirmək üçün bəzi futbolçularla yollarını ayırması da istisna edilmir. Klubun yeni oyunçular qeydiyyatdan keçirməsi üçün əvvəlcə heyətdə yer açması tələb oluna bilər.
Qeyd edək ki, Baldenin Kataloniya təmsilçisi ilə müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir.