Milli komandaların oyunları ilə əlaqədar fasilənin ikinci həftəsinə başlayan "Atletiko Madrid"də heyət qıtlığı yaşanır.
İdman.Biz İspaniya mediasına istinadən xəbər verir ki, komandanın 17-dək futbolçusu milli komandaların düşərgəsinə yollanıb. Bu səbəbdən baş məşqçi Dieqo Simeone məhdud heyətlə çalışmaq məcburiyyətində qalıb.
Hazırda əsas diqqət zədəli futbolçuların fiziki durumuna yönəlib. Mövsümöncəsi hazırlıq zamanı əzələ zədəsi alan Aleksandr Sorlot xüsusi nəzarətdə saxlanılır. Norveçli hücumçunun bərpa prosesinin sonuna yaxınlaşdığı bildirilir.
Sorlot təxminən bir ay yarımdır yaşıl meydanlardan kənardadır və "Atletiko"nun bu mövsüm keçirdiyi oyunların əhəmiyyətli hissəsini buraxıb.
Yaxın günlərdə onun bərpa prosesi diqqətlə izləniləcək. Klub hücumçunun tezliklə tam məşqlərə qayıdaraq Simeonenin sərəncamına keçəcəyinə ümid edir. Sorlotun mümkün dönüşü milli fasilədən sonra "Atletiko"nun hücum xəttinə mühüm təkan verə bilər.