"Milan"ın portuqaliyalı futbolçusu Qonsalu Ramuş PSJ-dən ayrılmasının əsas səbəbinin müntəzəm oyun praktikası qazanmaması olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, 25 yaşlı futbolçu bu barədə Portuqaliyanın Canal 11 telekanalına müsahibəsində danışıb.
"PSJ-də keçirdiyim son üç il ərzində, məncə, heç vaxt ardıcıl dörd-beş oyunda start heyətində meydana çıxmamışam. Sabitlik yox idi. Bəzən bu vəziyyət məni məyus edir, əsəbiləşdirirdi. Hətta ardıcıl dörd-beş oyunda qol vurduğum halda, onların heç birinə start heyətində başlamadığım vaxtlar olub. Bunun mənim üçün heç bir məntiqi yox idi. Bu barədə ailəmlə də danışırdım", - deyə Ramuş bildirib.
Portuqaliyalı hücumçu Paris klubundan ayrılmağın onun üçün asan olmadığını da etiraf edib:
"PSJ-dən getmək mənim üçün çətin idi, çünki komandada həqiqətən möhtəşəm kollektiv var idi. Bütün vaxtımı birlikdə keçirdiyim üç portuqaliyalı futbolçu vardı. Onlar ayrılmaq istədiyimi bilirdilər və zarafatla heç olmasa komandadakı ab-havaya görə qalmağımı deyirdilər. Birlikdə çox gözəl anlar yaşamışıq".
Ramuş hələ yanvar ayında PSJ-dən ayrılmaq istədiyini, lakin klubun həmin vaxt buna razılıq vermədiyini də açıqlayıb. Onun sözlərinə görə, Paris təmsilçisinin idman direktoru Luis Kampos yayda transferinə icazə veriləcəyinə söz verib.
Qeyd edək ki, portuqaliyalı futbolçu 2026-cı ilin yayında PSJ-dən "Milan"a keçib. O, İtaliya klubunda daha çox oyun vaxtı qazanmasından məmnun olduğunu bildirib.