"Bu mövsüm heyətdə ciddi dəyişikliklər olub. Ötən il "Araz-Naxçıvan" 7-8 legioner futzalçı ilə çempion olmuşdu". Bu sözləri Sport24.az-a açıqlamasında futzal üzrə millinin sabiq üzvü Ağatahir Əzimov deyib.
Veteran futzalçı Naxçıvan təmsilçisinin UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəni dayandırmasına münasibət bildirib:
"Araz-Naxçıvan"ın heyəti 90 faizi dəyişib, komandada yalnız Emin Kürdov və Ülvi Əliyev qalıb. Digərləri ötən mövsüm çempionatda üçüncü yeri tutan "Baku Fire"in futzalçılarıdır. Onlar da çempionun heyətində cəmi iki oyuna çıxıblar. Bu müddət komandaya uyğunlaşmaq üçün kifayət deyil. İnanmıram ki, Bosniya və Herseqovina və ya Polşa çempionatları bizim çempionatdan zəif olsun. Üstəlik, bizdə hələ yeni mövsümə hələ start verilməyib. Futzalçıların 90 faizi minifutbola gedib ki, bu da nəticələrə birbaşa təsir göstərir".
Qeyd edək ki, "Araz-Naxçıvan" qrupda "Uypeşt"i 5:4 hesabı ilə məğlub edib, "Buba Mara"ya 3:5, "Piast"a isə 0:5 hesabı ilə məğlub olaraq, Çempionlar Liqasında mübarizəni dayandırıb.