"Milli Gimnastika Arenasındakı ab-hava və insanların cüdoya böyük sevgisi həqiqətən çox xoşdur".
Bunu Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan Sansiro Murao deyib.
90 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan yaponiyalı tatami ustası Azərbaycanın olduqca qonaqpərvər ölkə olduğunu vurğulayıb.
"Bu, mənim Azərbaycana üçüncü səfərimdir. Hər dəfə xoş münasibətlə qarşılaşıram. Milli Gimnastika Arenasındakı ab-hava və insanların cüdoya böyük sevgisi həqiqətən çox xoşdur. Azərbaycanın çox gözəl və qonaqpərvər ölkə olduğunu düşünürəm. Xalqınıza təşəkkür edirəm", - deyə o report.az-a açıqlamasında söyləyib.
O, ardıcıl ikinci dəfə dünya çempionu olmasını xatırladıb:
"Mən ötən il də mundialın qalibi olmuşdum və ardıcıl ikinci ildir ki, qızıl medala sahib çıxıram. Təbii ki, bu, sevindirici haldır. Qarşıma qoyduğum məqsədə çatmışam. Ardıcıl qələbələr qazanaraq üstün olduğumu sübut etməyə çalışırdım. Buna nail olduğum üçün xoşbəxtəm".
Qeyd edək ki, Sansiro Murao finalda həmyerlisi Qoki Tayimaya qalib gəlib. Həmin çəkidə mübarizə aparan Azərbaycan təmsilçisi Murat Fətiyev (90 kq) isə bürünc medal qazanıb.