Azərbaycan cüdoçusu Murad Fətiyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində uğurlu çıxışını davam etdirir.
İdman.Biz xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 final mərhələsində meydan sahibi Umar Bozorovla qarşılaşıb. Gərgin keçən görüşün son saniyələrində böyük əzmkarlıq nümayiş etdirən Fətiyev rəqibini məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Murad Fətiyev bu mərhələyə qədər rumıniyalı Vlad Vişanı da sıradan çıxarmağı bacarmışdı.
11:29
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycan cüdoçusu Murad Fətiyev çıxışına uğurla başlayıb.
İdman.Biz xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Fətiyev ilk görüşündə rumıniyalı Vlad Vişanla qarşılaşıb. Rəqibi üzərində qələbə qazanan idmançımız 1/8 final mərhələsinə yüksəlib.
Qadınların yarışında +78 kq çəki dərəcəsində qüvvəsini sınayan Madina Kaisinova isə turnirlə erkən vidalaşıb. O, ilk qarşılaşmada yerli idmançı, Özbəkistan təmsilçisi Umida Niqmatovaya uduzaraq medal uğrunda mübarizəni dayandırıb.
Kişilər arasında 100 kq çəki dərəcəsində çıxış edən Əjdər Bağırov da ilk mərhələni keçə bilməyib. Cüdoçumuz özbəkistanlı Ernazar Sarsenbayeva məğlub olaraq yarışı vaxtından əvvəl tərk edib.
09:25
Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan "Böyük Dəbilqə" turnirinin sonuncu günündə Azərbaycanın altı cüdoçusu qüvvəsini sınayacaq.
İdman.Biz xəbər verir ki, həm kişilər, həm də qadınlar arasında medalların sahibləri müəyyənləşəcək.
Kişilərin mübarizəsində 90 kq çəki dərəcəsində Murad Fətiyev 1/16 finalda rumıniyalı Vlad Vişanla qarşılaşacaq.
100 kq çəkidə iki idmançımız tatamiyə çıxacaq. Əjdər Bağırov 1/16 finalda yerli idmançı Ernazar Sarsenbayevlə, Zelim Kotsoyev isə 1/8 finalda Tornike Poladişvili (Gürcüstan) – Baxtovar Boboxonov (Tacikistan) cütünün qalibi ilə üz-üzə gələcək.
Ağır çəkidə (+100 kq) Camal Qamzatxanov 1/8 finalda hindistanlı Ritik Kumarı sınağa çəkəcək. Kənan Nəsibov isə eyni mərhələdə Gela Zaalişvili (Gürcüstan) – İslombek Ravşankulov (Özbəkistan) duelindən qalib ayrılan tərəflə qarşılaşacaq.
Qadınların yarışında isə +78 kq çəki dərəcəsində ölkəmizi Madina Kaisinova təmsil edir. O, 1/16 final mərhələsində özbəkistanlı Umida Niqmatova ilə mübarizə aparacaq.