Yeniyetmə yaşlarında ailəsinə kömək etmək üçün doğma evini tərk etdi. Manila küçələrində yaşadı, tikintidə çalışdı, lakin boksçu olmaq arzusundan vaz keçmədi. İllər sonra isə səkkiz müxtəlif çəki dərəcəsində dünya çempionu olan ilk boksçu kimi tarixə düşdü.
Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə Filippin boksunun əfsanəsi Menni Pakyaonun həyat hekayəsindən bəhs edəcəyik.
Yoxsulluqla başlayan həyat
Əsl adı Emmanuel Dapidran Pakyao olan gələcək çempion 1978-ci il dekabrın 17-də Filippində dünyaya gəlib. O, altı uşaqlı ailədə böyüyüb. Ailəsinin maddi vəziyyəti ağır olduğundan Menni erkən yaşlarından işləməyə məcbur qalıb.
Təhsilini davam etdirmək də onun üçün asan olmayıb. Maddi çətinliklər səbəbindən məktəbi yarımçıq qoyan Pakyao ailəsinə kömək etmək üçün müxtəlif işlərdə çalışıb.