Toral Bayramov yayda "Qarabağ"dan ayrılaraq Türkiyəyə - "Bursaspor"a üz tutdu.
Karyerasında ilk dəfə legioner həyatı yaşamağa başlayan futbolçunun bu qərarı birmənalı qarşılanmadı. Çünki "Qarabağ"da kifayət qədər yaxşı və stabil çıxış edən, həm ölkə çempionatında, həm də avrokuboklarda özünü göstərən Toralın daha yüksək səviyyəli çempionatda çıxış edə biləcəyi düşünülürdü.
Lakin Türkiyədəki ilk aylar onun üçün heç də asan keçmədi. Yeni komandaya adaptasiya, oyun praktikası ilə bağlı çətinliklər və üzləşdiyi təzyiqlər Bayramovun çıxışına da təsirsiz ötüşmədi.
Bəs onun "Bursaspor"a keçidi nə dərəcədə düzgün qərar idi? Gələcəkdə Türkiyədə özünü doğrulda biləcəkmi, yoxsa başqa çempionat onun üçün daha münasib seçim olardı?
Bu suallarla bağlı fikirlərini öyrəndiyimiz tanınmış menecer Vaqif Heydərli Toral Bayramovun potensialını yüksək qiymətləndirməklə yanaşı, "Bursaspor"da uğur qazanmağın çətinliklərinə də diqqət çəkdi:
"Toral Bayramov son dövrlərdə yetişən və bəyəndiyim futbolçulardan biridir. Onu şəxsən, xarakter olaraq yaxından tanımasam da, futbolçu kimi çox bəyənirəm.
Son illərdə "Qarabağ"da yaxşı və stabil çıxış edirdi. Həm çempionatda, həm də komandanın avrokuboklardakı uğurlu nəticələrində Turalın önəmli payı var idi.
Transfer qərarına gəlincə, bunu başqa bir futbolçunun və ya agentin fəaliyyətinə kənardan qiymət vermək kimi qəbul etməyin. Sadəcə şəxsi fikrimi bölüşürəm.
Açığı, Turalın daha yaxşı, daha fərqli çempionatda çıxış etməsini istəyərdim. Çünki onun həm təcrübəsi, həm karyerası, həm də potensialı uğurlu futbolçu həyatı yaşamağa imkan verir.
Toral ilk dəfə legioner həyatı yaşayır. Türkiyə qardaş ölkədir, dilimiz, dinimiz, bir çox oxşarlıqlarımız var.
Amma bütün bunlara baxmayaraq, bu, legioner həyatıdır. Təbii ki, enişləri və yoxuşları olacaq.
Ancaq "Bursaspor"da futbolçuya belə güzəştlər edilmir. Əgər Toral başqa klubda, başqa çempionatda çıxış etsəydi, əminəm ki, geridə qalan müddətdə daha uğurlu ola bilərdi.
Bütün bunlara baxmayaraq, onun xarakter göstərməsi məni sevindirir. İnanın, kənardan hər şey çox asan görünür, amma işin içində vəziyyət tamamilə fərqlidir.
Belə çətinliklərə sinə gərərək eyni zamanda yaxşı performans göstərmək heç də asan deyil. Son oyunlar və son günlər bizi sevindirir.
Artıq Toralın daha çox oynamağa başladığını görürük. Düzdür, son qarşılaşmalarda vurduğu qol avtoqol oldu və bu epizodu müəyyən qədər şişirtdilər.
Amma belə hallar futbolun bir parçasıdır. Bunu böyük problemə çevirməyin tərəfdarı deyiləm.
Toralın orada peşəkar futbolçu olduğunu, müqavilə ilə çıxış etdiyini və mübarizəsini davam etdirdiyini unutmamalıyıq. Gələcəkdə nələrin baş verəcəyini indidən söyləmək çətindir.
Ancaq bir məsələyə əminəm: Toral orada apardığı mübarizəni və çəkdiyi əziyyəti özünə daha uyğun klubda, yaxud çempionatda göstərsəydi, daha uğurlu nəticə əldə edə bilərdi.
İnşallah, Toral üçün xeyirlisi olar. Düşünürəm ki, onun özünü daha rahat hiss edəcəyi, müntəzəm oynamaq imkanı qazanacağı, daha çox güvəniləcəyi, təzyiq və stressin az olacağı klubda və çempionatda çıxış etməsi daha yaxşı olar".
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ