Üç çəki dərəcəsində keçmiş dünya çempionu, venesuelalı boksçu Xorxe Linares ABŞ-ın İmmiqrasiya və Gömrük Xidməti (ICE) tərəfindən saxlanıldıqdan 10 gün sonra azadlığa buraxılıb. Bu barədə "World Boxing News" məlumat yayıb.
41 yaşlı idmançı noyabrın 15-də Texas ştatının El-Paso hava limanında saxlanılıb. ICE nümayəndələri Linaresin ABŞ-da qalmaq üçün icazə verilən müddəti aşdığını bildiriblər. Boksçunun vəkilləri isə onun ölkədə qanuni əsaslarla olduğunu və hakimiyyət orqanları ilə əməkdaşlıq etdiyini vurğulayıblar.
Noyabrın 16-da Dünya Boks Assosiasiyasının (WBA) prezidenti Gilberto Mendoza Linaresin saxlanıldığını təsdiqləyib və işlə immiqrasiya hüquqşünaslarının məşğul olduğunu açıqlayıb.
Linares 2023-cü ilin oktyabrında peşəkar karyerasını başa vurub. O, ən yüngül çəkidə WBC, ikinci yüngül çəkidə WBA, yüngül çəkidə isə həm WBC, həm də WBA çempionu olub.
Venesuelalı boksçu karyerası ərzində keçirdiyi 56 döyüşün 47-də qələbə qazanıb. Onun qələbələrinin 29-u nokautla qeydə alınıb, 9 qarşılaşmada isə məğlub olub.