Futbol üzrə Misli Premyer Liqasının 12-ci turunda "Turan Tovuz"u qəbul edəcək "Şamaxı"nın heyəti ilə bağlı son vəziyyət açıqlanıb.
Bu barədə "Şamaxı" futbol komandasının sözçüsü Yusif Hüseynli məlumat verib.
"Millillərin düşərgəsində olan futbolçular komandaya bu gün qoşulacaqlar. Aralarında zədələnən yoxdur. Ümumiyyətlə, hazırda komandada nə cəzalı var, nə də zədəli. Artıq braziliyalı mərkəz müdafiəçisi David Santos da sıraya dönüb və sifariş olunub. Onun "Turan Tovuz"la matçda meydana çıxıb-çıxmayacağına baş məşqçi qərar verəcək", - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, "Şamaxı" - "Turan Tovuz" qarşılaşması noyabrın 21-də keçiriləcək. Şamaxı şəhər stadionunda reallaşacaq görüşün start fiti 14:30-da səsləndiriləcək. Hesabında 14 xal olan Şamaxı təmsilçisi turnir cədvəlinin yeddinci, 21 xala malik Tovuz komandası isə üçüncü pilləsində mövqe tutub.