Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə kişi və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı keçiriləcək. Yarış 6 - 22 fevral tarixlərində Bakı şəhərində baş tutacaq. Sport24.az xəbər verir ki, çempionatda kişilər arasında 30, qadınlar arasında isə 16 şahmatçı mübarizə aparacaq.
Yarış olimpiya sistemi üzrə və FİDE-nin oyun qaydalarına əsasən təşkil olunacaq.
Ötən il olduğu kimi bu il də Azərbaycan çempionatında ölkənin aparıcı şahmatçıları iştirak edəcək. Kişilərin yarışında rapid və 20 yaşlılar arasında dünya çempionu, komandalar arasında üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov, altıqat Azərbaycan çempionu və komandalar arasında üçqat Avropa çempionu Rauf Məmmədov, milli komandanın heyətində Avropa çempionu Eltac Səfərli çempionluq uğrunda mübarizə aparacaq. Qadınların yarışında isə son Azərbaycan çempionu Günay Məmmədzadə, şəxsi Avropa çempionatının qalibi Ülviyyə Fətəliyeva, 20 yaşlılar arasında dünya çempionu Gövhər Beydullayeva və digər güclü şahmatçılar iştirak edəcək.
Azərbaycan çempionatının ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğin 62 min manatı kişilərin, 30 min manatı isə qadınların yarışına ayrılıb.
Qeyd edək ki, şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi fevralın 6-da keçiriləcək.