"İlk növbədə, "Sabah" klubunu təbrik edirəm. Bu, böyük nailiyyətdir. Komandanın Azərbaycan çempionu olması və Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi ölkə futbolunun inkişafı baxımından mühüm hadisədir".
Bu sözləri rusiyalı tanınmış futbol mütəxəssisi Yuri Syomin deyib.
O bildirib ki, hazırda Azərbaycan çempionatında çempionluq uğrunda çox komandanın mübarizə aparması yarışa əlavə maraq qatır.
"Qarabağ" ötən mövsüm, "Sabah" isə bu mövsüm Avropada kifayət yüksək səviyyədə iştirak edir. Onlar güclərini artıq beynəlxalq oyunlarda, o cümlədən Çempionlar Liqasında sınayıb və təcrübə qazanırlar. Bu rəqabət Azərbaycan çempionatını daha maraqlı edəcək. Ən əsası isə azarkeşlərin stadionlara marağı artacaq. Düşünürəm ki, belə rəqabət nəticəsində çempionatın oyunlarına gələn azarkeşlərin sayı da çoxalacaq. Çünki hazırda Azərbaycan çempionatının qarşılaşmalarını stadiondan izləyənlərin sayı o qədər də çox deyil", - deyə AZƏRTAC-a açıqlamasında Yuri Syomin qeyd edib.
Mütəxəssis "Sabah"ın Çempionlar Liqasındakı çıxışını da yüksək qiymətləndirib:
"Sabah" Çempionlar Liqasında həm ölkə çempionatını, həm də Azərbaycanı çox layiqli təmsil edir. "Barselona" ilə oyunda və Çempionlar Liqasının digər qarşılaşmalarında tribunalarda çoxlu azarkeşin olması sevindiricidir. İnsanların matçlara gəlməsi çox vacibdir. Azərbaycan futboluna marağın daha da artması üçün çempionluq uğrunda mübarizəyə başqa komandaların da qoşulması arzuolunandır".
Rusiyalı mütəxəssis "Sabah" klubunun rəhbərliyinin fəaliyyətini də müsbət dəyərləndirib. O, klub prezidenti Maqsud Adıgözəlovun Rusiya mətbuatına verdiyi müsahibəni oxuduğunu və orada səsləndirilən fikirləri maraqlı hesab etdiyini bildirib:
"Klubun inkişafı ilə bağlı çoxlu maraqlı və yaxşı ideyalar var. Bu fikirlər həm komandanın, həm də bütövlükdə Azərbaycan futbolunun inkişafı baxımından əhəmiyyətlidir".
Yuri Syomin "Zenit"in sabiq futbolçusu, hazırda "Sabah"da çıxış edən Du Keyrosun perspektivləri barədə də danışıb. O qeyd edib ki, futbolçuların klub dəyişməsi bu idman növünün ayrılmaz hissəsidir.
"Bu, futbolun bir parçasıdır. Oyunçular klub dəyişirlər. Bəzən hansısa komandaya uyğun gəlirlər, bəzən isə yox. İlk növbədə, daha çox sabit oynaya biləcəkləri və meydana daha tez-tez çıxmaq imkanı qazanacaqları klubları seçirlər. Düşünürəm ki, onun "Sabah"da özünü yaxşı tərəfdən göstərmək və gələcəkdə futbolçu kimi inkişaf etmək şansı var", - deyə Yuri Syomin vurğulayıb.
Vaxtilə "Qəbələ" komandasının baş məşqçisi olmuş çalışdırıcı hazırda bu kollektivin çempionluq mübarizəsində iştirak etməməsindən təəssüfləndiyini bildirib. O, bölgə klubunun futbolun inkişafı üçün əla şəraitə malik olduğunu vurğulayıb.
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsində beşinci turdan sonra üç xal toplayan "Sabah" 33-cü pillədə qərarlaşıb.