Bu gün Bakıda açılışı olmuş "ExpoSport Azerbaijan 2026" idman sərgisində Azərbaycan Alpaqut Federasiyası da iştirak edir.
Federasiya noyabrın 28-dək davam edəcək sərgidə ziyarətçilər Azərbaycan, həmçinin türkdilli xalqların ənənəvi idman növləri ilə yaxından tanış olmaq imkanına malikdirlər.
Federasiyanın vitse-prezidenti Rafiq Qasımov İdman.Biz-ə açıqlamasında sərgidəki fəaliyyətləri və əsas məqsədləri barədə danışıb.
Onun sözlərinə görə, onların sərgidəki guşəsi Azərbaycan Milli İdman Növləri Assosiasiyasını təmsil edir.
Rafiq Qasımov vurğulayıb ki, Assosiasiyanın tərkibində güc idmanları, təkmübarizlik idmanları və müxtəlif milli oyunlar yer alır. Bunlar alpaqut döyüş sənəti, zorxana idman növü, mas-reslinq, kəmər güləşi, kəndirtartma, qalaqapı, manqala və digər ənənəvi oyunlardır.
Rafiq Qasımov sərgidə iştirakın əsas məqsədini belə izah edib:
"Burada məqsədimiz Azərbaycanın milli idman növlərini təbliğ etmək, millətə və gənclərə göstərmək, onları idman növlərinə təşviq etməkdir."
Vitse-prezident onu da vurğulayıb ki, Azərbaycan Milli İdman Növləri Assosiasiyası 1990-cı ildən fəaliyyət göstərir. Alpaqut Turan döyüş sənəti milli idman növlərinin tərkibində 2022-ci ildən yer alır, ümumilikdə isə alpaqut döyüş sənəti 2014-cü ildə Azərbaycanda yaranıb. O qeyd edib ki, konsepsiyasına görə ümumtürk xalqlarına aid olsa da, bütün hüquqi əsaslara görə Azərbaycana məxsus döyüş sənətidir.
Qeyd edək ki, "ExpoSport Azerbaijan 2026" idman sərgisi noyabrın 28-dək davam edəcək. Ziyarətçilər tədbir çərçivəsində müxtəlif idman növləri, müasir idman texnologiyaları və avadanlıqları ilə tanış ola biləcəklər. Həmçinin ustad dərsləri, interaktiv oyunlar, idman nümayişləri, hədiyyəli viktorinalar və avtoqraf sessiyaları təşkil olunacaq.