«Vikinq» və «Sabah» arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunu Azərbaycan və Norveç təmsilçilərinin avrokuboklarda 9-cu matçı olacaq.
«Report»-un məlumatına görə, iki ölkə klubları indiyədək təsnifat və qrup (əsas) mərhələsində rəqib olublar.
Birinci qarşılaşma 2009-cu ilə təsadüf edib. UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında səfərdə «Rosenborq»la qolsuz heç-heçə edən «Qarabağ» Bakıda rəqibini minimal hesabla üstələyib - 1:0.
Daha sonra «İnter» (hazırkı «Şamaxı») «Tromse» ilə üz-üzə gəlib. Komandalar 2013/2014 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində görüşüblər. Səfərdə rəqibinə iki cavabsız qolla uduzan təmsilçimiz Bakıda qələbə (1:0) qazansa da, avrokuboklarla vidalaşıb.
«Qarabağ» 12 ildən sonra yenidən Norveç klubu ilə qarşılaşıb. «Köhlən atlar» UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində «Molde»yə 0:0 hesabı ilə bitən görüşün penaltilər seriyasında yenilib - 5:6. Cütün taleyi koronavirus pandemiyası səbəbindən bir oyunda müəyyənləşib və qarşılaşma UEFA-nın qərarına əsasən Kiprdə təşkil olunub.
Ağdamlılar 2023/2024 mövsümündə Avropa Liqasının qrup mərhələsində də «Molde» ilə görüşüb. Bakıda qalib gələn (1:0) «köhlən atlar» səfərdəki oyunda heç-heçəyə razılaşıb - 2:2.
Son olaraq «Qarabağ» 2024/2025 mövsümündə UEFA Avropa Liqasının Liqa mərhələsində «Bodo Qlimt»lə qarşılaşıb. Norveçdə baş tutan görüşdə Azərbaycan təmsilçisi sevinən tərəf olub - 2:1.
Beləliklə, indiyədək keçirilmiş 8 oyunun 2-də Norveç, 4-də Azərbaycan komandası qalib gəlib, 2 görüşdə isə heç-heçə qeydə alınıb.
Xatırladaq ki, «Vikinq» - «Sabah» oyunu bu gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.