Çempionlar Liqasının əsas mərhələsində Bakıda keçirilən "Sabah" – "Barselona" qarşılaşması Azərbaycan futbolu üçün diqqətçəkən hadisələrdən biri oldu.
Hesab 4:1 "Barcelona"nın xeyrinə başa çatsa da, oyunun nəticəsini yalnız hesab üzərindən qiymətləndirmək düzgün olmazdı.
"Sabah" Avropanın ən güclü klublarından birinə qarşı qapalı, yalnız müdafiəyə əsaslanan futbol nümayiş etdirmədi. Əksinə, komanda açıq futbol oynamağa, hücum qurmağa, rəqibin müdafiə xəttinin arxasına keçməyə və öz oyun prinsiplərini meydanda göstərməyə çalışdı.
Bu yanaşma nəticədən asılı olmayaraq xüsusi qeyd olunmalıdır: "Sabah" heç kimdən çəkinmir və rəqibin adından asılı olmayaraq öz futbolunu oynamağa çalışır.
İlk hissədə "Sabah"ın oyuna yanaşması kifayət qədər cəsarətli idi.
"Barselona" topa daha çox nəzarət etsə də, Azərbaycan təmsilçisi rəqibin qurduğu hücumlara passiv şəkildə baxmır, topu qazandıqdan sonra irəli çıxmağa çalışırdı. Xüsusilə keçid hücumlarında "Barselona"nın müdafiə xəttinin arxasında yaranan boşluqlardan istifadə etmək istəyi diqqət çəkirdi.
"Sabah"ın hücumçuları və yarımmüdafiəçiləri yalnız müdafiə zonasına çəkilmək əvəzinə, rəqibin quruluşunu pozmağa və irəlidə təhlükə yaratmağa çalışırdılar. İvan Lepiniçanın zərbəsinin qapı tirinə dəyməsi də komandanın ilk hissədə real qol imkanları yaratdığını göstərirdi.
SPORTİNFO.AZ