"Sabah" futbol komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda İspaniyanın "Barselona" klubuna 1:4 hesabı ilə məğlub olub.
Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 76-cı dəqiqəsində zədələnən Akim Zedadkanı Tellur Mütəllimov əvəzləyib.
"Bayquşlar"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov İdman.Biz-ə açıqlamasında futbolçunun son durumu barədə məlumat verib.
O bildirib ki, Akim Zedadkanın vəziyyətinə bu gün keçiriləcək müayinədən sonra aydınlıq gətiriləcək.
"Sabah" növbəti turda dekabrın 8-də səfərdə İspaniyanın "Vilyareal" komandası ilə qarşılaşacaq. Bakı təmsilçisi üç xalla turnir cədvəlinin 33-cü pilləsində qərarlaşıb. "Barselona" isə 12 xalla dördüncü sıradadır.
Qeyd edək ki, "Sabah" ilk turda səfərdə İngiltərənin "Mançester Yunayted" komandasına 0:4 hesabı ilə uduzub. İkinci turda Çexiyanın "Slaviya" (Praqa) komandasını 2:0 hesabı ilə məğlub edib. Üçüncü turda isə Almaniyanın "Borussiya" (Dortmund) komandasına 1:2, dördüncü turda Norveçin "Vikinq" klubuna 1:4 hesabı ilə yenilib.