"Qəbələ" - "Qarabağ" - 0:0
"Qarabağ" növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının X tur matçına çıxıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda "Qəbələ"nin qonağı olub.
Komandamız Qəbələ şəhər stadionundakı görüşə aşağıdakı start heyəti ilə çıxıb: 1. Şahruddin Məhəmmədəliyev (k), 8. Marko Yankoviç, 20. Kadi Borqes, 2. Mateus Silva, 5. Bruno Lanqa, 29. Renaldo Sefas, 9. Zakaria Savo, 25. Cebrail Makreçkis, 7. Jali Muaddib, 4. Bense Varkonyi, 33. Dieqo Rosa.
Komandamız səfərdə çıxış etməsinə baxmayaraq, ilk dəqiqələrdən ənənəvi oyununu nümayiş etdirməyə başlayıb. Futbolçularımız topa daha çox sahib olaraq ötürmələrlə rəqibin müdafiə xəttində boşluq axtarıb.
Meydan sahibləri isə əsasən qapının toxunulmazlığını ön planda tutub və sürətli əks-hücumlara üstünlük verib. Hətta birinci hissədə kapitanımız Şahruddin Məhəmmədəliyev iki epizodda əla "seyv"lə komandamızı qoldan xilas edib.
İkinci hissədə oyuna tam nəzarət komandamızın tərəfində olub. Futbolçularımız rəqibin sıx müdafiəsini yarmaq üçün çoxgedişli ötürmələrə üstünlük verib. Komandamız matçın sonlarında meydanın rəqibə aid hissəsində təzyiqi artırsa da, bu, bir nəticə verməyib və qarşılaşma 0:0 hesablı heç-heçə yekunlaşıb.
Beləliklə, 9 oyunda 19 xal toplayan "Qarabağ" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, komandamız XI turda "Turan Tovuz"u qəbul edəcək. Noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq.