İspaniyanın "Vilyarreal" futbol klubunun nümayəndələri Bakıda "Vilyarreal CF Camp Baku" layihəsini həyata keçirir.
İdman.Biz xəbər verir ki, layihə Bakı Futbol Federasiyasının (BFF) tərəfdaşı olan "QOLAT Sport Service"in təşəbbüsü ilə təşkil olunur.
Təşəbbüs AFFA və BFF tərəfindən müsbət qarşılanıb və layihənin keçirilməsi üçün Bayıl stadionunda lazımi şərait yaradılıb.
Avqustun 7-dən 9-dək davam edəcək layihədə U-8–U-18 yaş kateqoriyaları üzrə 40-45 futbolçunun iştirakı nəzərdə tutulub.
Əldə olunan razılaşmaya əsasən, BFF-nin tövsiyəsi ilə "Sabahın Ulduzları" yarışlarında iştirak edən U-15 çempionatından Dünya çempionatı və festivalına namizəd 10 istedadlı gənc futbolçu layihədə tam ödənişsiz iştirak edəcək.
Layihənin sonunda 40-45 futbolçu arasından ən yaxşı oyunçu seçiləcək. O, "Vilyarreal"ın təşkil etdiyi beynəlxalq turnirdə iştirak etmək hüququ qazanacaq. Seçilmiş futbolçunun səfər və iştirak xərcləri təşkilatçılar və İspaniya klubu tərəfindən qarşılanacaq.
Layihə çərçivəsində avqustun 9-da yerli məşqçilər üçün ödənişsiz seminar da keçiriləcək. Seminarda "Vilyarreal" akademiyasının məşq metodologiyası, oyunçu inkişaf modeli və akademiya sistemi təqdim olunacaq.
UEFA Pro lisenziyalı məşqçi Jordi Qratakos İspaniya futbol sistemi, müasir futbol fəlsəfəsi və oyunçu inkişafı ilə bağlı beynəlxalq təcrübələrini bölüşəcək.
Qeyd edək ki, "Vilyarreal" nümayəndələrinin Bayıl stadionunda görüşü də keçirilib. Görüşdə "Sabahın Ulduzları"nın baş sponsoru "Alpex" şirkətinin prezidenti Sərdar Salmanzadə, "QOLAT"ın rəhbəri Səid Bağırov və BFF-nin prezidenti Tahir Süleymanov iştirak ediblər.
Daha sonra seçim məşqlərinə start verilib. "Vilyarreal" nümayəndələri "Sabahın Ulduzları" layihəsi çərçivəsində keçirilən "Zirə" – "Vətən" oyununu da izləyiblər.