Bu gün Misli Premyer Liqasında XIII turun növbəti oyunları keçiriləcək.
Sportify.az xəbər verir ki, günün ilk matçı “Turan Tovuz” və “Kəpəz” arasında Qərb derbisinə təsadüf edəcək.
Tovuz şəhər stadionunda saat 16:30-da başlanacaq görüşü baş hakim İnqilab Məmmədov idarə edəcək.
Hazırda “Turan Tovuz” 24 xalla 3-cü, “Kəpəz” 18 xalla 6-cı yerdə gedir.
İki komanda arasında əvvəlki 16 oyunun 10-da Tovuz, 4-də Gəncə təmsilçisi qələbə qazanıb, 2-də heç-heçə qeydə alınıb. Kurban Berdiyevin baş məşqçi olduğu kollektivin uduzduğu 2 komandadan biri məhz Azər Məmmədovun rəhbərlik etdiyi komanda olub – 0:1. Amma topların ümumi nisbətində tovuzlular öndədir – 29:11.
"Kəpəz" bu rəqibi ilə son 2 qarşılaşmasında qol vurub və xal qazanıb. "Turan Tovuz" isə bütün ev oyunlarında qələbə qazanıb.
Günün digər görüşündə isə “Sabah” “Araz-Naxçıvan”ı qəbul edəcək. Saat 19:00-da başlanacaq görüşü baş hakim Vüqar Həsənli idarə edəcək.
Oyunun keçiriləcəyi hazırkı “Sabah Arena”da “Liv Bona Dea Arena” adlandığı vaxt “Araz-Naxçıvan” ev oyunlarına çıxıb. Stadionun ilk adı isə “Dalğa Arena” olub.
Hazırda paytaxt təmsilçisi 11 oyundan 24 xalla 2-ci, Naxçıvan komandası isə 12 oyundan 4 xalla sonuncu – 12-ci yerdə gedir.
Əvvəlki 12 matçın 6-da “Sabah”, cəmi 1-də “Araz-Naxçıvan” qələbə qazanıb və 5-i heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Bakı klubu ciddi fərqlə öndədir – 20:12.
"Sabah" son 10 matçda uduzmayıb. "Araz-Naxçıvan" axırıncı üç görüşdə xal qazanmayıb.
Misli Premyer Liqası, XIII tur
28 noyabr (şənbə)
16:30. "Turan Tovuz" – "Kəpəz"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Anar Şixəliyev
Tovuz şəhər stadionu
19:00. "Sabah" – "Araz-Naxçıvan"
Hakimlər: Vüqar Həsənli, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Sabah Arena".
Xatırladaq ki, XIII turun ilk oyun günündə “Şəfa” səfərdə “İmişli”ni 3:2, “Neftçi” evdə “Zirə”ni 1:0 hesabı ilə məğlub edib. Tura noyabrın 29-da keçiriləcək “Şamaxı” – “Qəbələ” və “Qarabağ” – “SumqayıtQ” görüşləri ilə yekun vurulacaq.