"Hall Siti"nin hücumçusu Robinio Vaz Parisdə polislə bağlı yaşadığı insidentdən sonra komandanın heyətindən kənarlaşdırılıb.
İdman.Biz İngiltərə mediasına istinadən xəbər verir ki, klubun baş məşqçisi Sergey Yakiroviç 19 yaşlı futbolçunun Premyer Liqada "Kristal Palas"la keçiriləcək qarşılaşmada iştirak etməyəcəyini açıqlayıb.
Vaz həftənin əvvəlində Parisdə icarəyə götürdüyü avtomobillə bağlı dələduzluq şübhəsi ilə polis tərəfindən saxlanılıb. Oğurlanmış nəqliyyat vasitəsi kimi qeydiyyata alınan avtomobillə əlaqədar dindirilən futbolçu barəsində ittiham irəli sürülmədən sərbəst buraxılıb.
Yakiroviç futbolçunun davranışını qəbuledilməz adlandıraraq məsələnin həlli üçün transfer hüquqları "Roma"ya məxsus olan hücumçunun gələcəyini İtaliya klubu ilə müzakirə etdiklərini söyləyib:
"Hadisə barədə heç nə bilmirdim. Hazırda klub "Roma" ilə birlikdə bu məsələni həll etməyə çalışır. Həm klubumuz, həm də futbolçu üçün ən yaxşı variantı tapmaq istəyirik. Əlbəttə, ona kömək etməyə çalışacağıq, lakin bu, asan deyil.
Bu, peşəkar davranış deyil. Onun gənc olduğunu anlayıram, amma peşəkar futbolçusansa, xüsusilə şəxsi həyatında son dərəcə diqqətli olmalısan".
Yay transfer pəncərəsinin son günündə "Hall Siti"yə icarəyə keçən Vaz İngiltərə təmsilçisinin heyətində cəmi beş qarşılaşmada iştirak edib. Onun yanvarda "Roma"ya qayıtması istisna olunmur.