"Real Madrid" və PSJ-nin sabiq müdafiəçisi Serxio Ramos futbolçu karyerasını İspaniyanın "Malaqa" klubunda davam etdirə bilər.
İdman.Biz "El Nacional"a istinadən xəbər verir ki, "Malaqa" 40 yaşlı futbolçunu qış transfer pəncərəsində heyətinə qatmaq imkanını nəzərdən keçirir.
Klub rəhbərliyi təcrübəli müdafiəçinin həm arxa xəttdəki problemlərin həllinə kömək edəcəyinə, həm də komandada liderlik keyfiyyətlərini gücləndirəcəyinə ümid edir.
Məlumata görə, Meksikanın "Monterrey" klubundan ayrıldıqdan sonra təxminən bir ildir azad agent olan Ramos karyerasını başa vurmaq niyyətində deyil. O, yüksək səviyyədə futbola qayıtmaq üçün hər gün fərdi məşqlərini davam etdirir.
"Malaqa"nın müdafiə xəttindəki problemlər klubun təcrübəli futbolçuya marağının əsas səbəblərindən biri kimi göstərilir. Komanda İspaniya çempionatında keçirdiyi 12 oyundan sonra beş xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Bildirilir ki, Ramos karyerasını davam etdirmək naminə nisbətən aşağı maaşla müqavilə imzalamağa da hazırdır.
Qeyd edək ki, ispaniyalı müdafiəçi karyerası ərzində "Sevilya", "Real Madrid", PSJ və "Monterrey"də çıxış edib.