Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Andorra ilə yoldaşlıq görüşündə qazanılan 3:1 hesablı qələbədən sonra komandasının hazırkı vəziyyətindən və qarşıdakı hədəflərindən danışıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis jurnalistlərə açıqlamasında qələbə ilə yanaşı, Emin Mahmudovun milli komandadakı son oyununu layiqincə başa vurmasının da vacib olduğunu bildirib:
"İlk növbədə qalib gəlmək istəyirdik. Yoldaşlıq görüşü olsa belə, bu gün ikinci məqam Eminin son oyunu idi. İstəyirdik, Emini yaxşı, parlaq oyunla milli komandadan yola salaq. Sevindirici hallar çox oldu. Bu gün gənclərə görə çox sevindim. Milli komandada özlərini yaxşı tərəfdən göstərə bildilər. Oyundan-oyuna istədiyimiz oyuna yaxınlaşa bilirik, amma bundan da yaxşı ola bilərik".
Abbasov komandanın il ərzində göstərdiyi nəticələrə də toxunub:
"Bu ili götürsək, bir məğlubiyyətimiz oldu, bu, yaxşı haldır. Qrup mərhələsində bir qol buraxmışdıq, o da penaltidən. Komanda olaraq bunların üzərində çalışmalıyıq ki, sabah daha üstün komandalarla qarşılaşanda buna hazır olaq".
Baş məşqçi Abdulla Xaybulayevin zədəsinə baxmayaraq mübarizəni davam etdirmək istəməsini xüsusi qeyd edib:
"Oyunun axırında Xaybulayev zədələndi. 10 nəfərlə qalma ehtimalımız var idi, çünki əvəzetmələr bitmişdi. Amma israrla oyuna qayıtmaq istədi. Bunlar məni sevindirir. Komandada xarakterli futbolçular çoxalıb".
Millidə debüt edərək qol vuran Eşqin Əhmədovun çıxışını dəyərləndirən Abbasov "Qəbələ"nin gənc futbolçulara şans verməsini müsbət hal kimi qiymətləndirib:
"Eşqinə görə sevinirəm. Eşqin U-21-də də mütəmadi oynayan futbolçudur və əsas odur ki, "Qəbələ"də daim oynayır. Bu gün "Qəbələ"ni təbrik etmək lazımdır ki, yerli gənc futbolçulara şans verirlər. Bu, bizim üçün vacibdir. Çünki bu futbolçuları qazanmalıyıq. Biz çoxdan gileylənirdik ki, sağ cinahda istədiyimiz oyunçular azdır. Amma məncə, artıq rəqabət çoxalır. Eşqin də bu gün "mən varam" dedi. İnanıram ki, gələn təlim-məşq toplanışlarında da həmin formasında olacaq və millidə əsas heyət oyunçularından biri ola bilər".
Mütəxəssis baş məşqçi kimi ən çox çətinlik çəkdiyi qarşılaşmaları da açıqlayıb:
"Ən çətin iki Lixtenşteyn oyunu idi. Çünki orada psixoloji amil var. Bu oyunlara futbolçuları hazırlamaq daha çətindir. Məsələn, Litva ilə daha məsuliyyətli oluruq, bunu bilirik. Amma elə komandalarla oyunda məşqçi olaraq həqiqətən psixoloji çətinlik olur. Bütün oyunlar məsuliyyətlidir. Milli komanda çox məsuliyyət tələb edir. Burada klubdan fərqlidir, amma biz də milli komanda olaraq öz təcrübəmizi artırdıq. Milli komandaya gələndə ən rahat oyun FIFA seriyasında birinci oyunumuz olmuşdu".
Azərbaycan millisinin dirçəliş mərhələsində olub-olmaması barədə danışan Abbasov isə vəziyyətə realist yanaşmağın vacibliyini vurğulayıb:
"Realist olmaq lazımdır. Bu gün özümüzə uyğun rəqiblərlə yüksək səviyyədə oynaya bilirik. Bilirik ki, qol vəziyyətlərini yaxşı dəyərləndirə bilmirik. Litvanı qeyd edə bilərəm ki, geri qalmadıq. Bəzi epizodlarda üstün olduq. Bu gün futbolçular milli formanın dəyərini, məsuliyyətini çox yaxşı hiss edirlər. Haradansa başlamalıydıq. Bizə indi aşağı yox, yuxarı getmək lazımdır, çünki ən aşağı düşmüşdük. İndi isə yavaş-yavaş yuxarı çıxmaq lazımdır".