Bu gün "Neftçi" rəhbərliyi və baş məşqçi Samir Abasovun iştirakı ilə görüş keçirilib.
İdman.Biz klubun mətbuat xidmətinə istinadən bildirir ki, görüşdə komandanın cari mövsümdəki çıxışı müzakirə edilib.
Bildirilib ki, Samir Abasova ötən ilin oktyabrında müqavilə bağlanandan indiyədək rəhbərlik tərəfindən hər cür dəstək göstərilib, o cümlədən transfer fəaliyyəti və komanda quruculuğunda ona tam səlahiyyət verilib.
Mövsümlərarası fasilədə və mövsüm başlayandan sonra həyata keçirilmiş 14 transferin hamısı baş məşqçinin istəyi və təsdiqi ilə baş tutub, o cümlədən komandanı tərk edən oyunçularla bağlı bütün qərarları baş məşqçi verib.
Müqavilə bağlanarkən Samir Abasovun qarşısına hədəf kimi yaradıcı və hücum futbolu sərgiləmək, komandanın iştirak etdiyi bütün turnirlərdə ən yüksək nəticələrə nail olmaq qoyulub.
Bununla belə, keçən 12 tur ərzində nə komandanın inkişaf dinamikası, nə də turnir cədvəlində qərarlaşdığı yer qənaətbəxş deyil. Baş məşqçi tərəfindən mövsüm ərzində komandanın oyundan oyuna yüksələn xətlə gedəcəyi, noyabr ayında futbolçuların formasının ən yüksək pilləsinə çıxacağı vəd edilsə də, son qarşılaşmalarda oyun keyfiyyətinin aşağı düşməsi müşahidə edilib. 12 oyunda qazanılan cəmi 3 qələbə arzuolunan sayılmayıb, "İmişli" ilə görüşdəki məğlubiyyət isə enişin kulminasiya nöqtəsi olub.
Samir Abasovun "Neftçi"də həm oyunçu, həm də məşqçi kimi xidmətlərini, həmçinin bumövsümkü fəaliyyətində göstərdiyi çalışqanlığı nəzərə alaraq, peşəkar etika naminə özünün istefa verməsi klub tərəfindən ona təklif edilib.
Öz növbəsində Samir Abasov gətirilən arqumentlərlə razılaşmayaraq, cari nəticələrin elə də pis olmadığını, hazırkı uğursuzluqların bilavasitə onun məşqçi fəaliyyəti ilə deyil, təsadüfi faktorlarla bağlı olduğunu iddia edib, mövsümün sonunda komandanın ilk 3-lüyə düşəcəyini söyləyib. İstefa verməkdən imtina edərək bildirib ki, klub onunla müqaviləyə birtərəfli qaydada xitam verəcəyi təqdirdə tam həcmdə təzminat tələb etmək fikrindədir.
Qeyd olunanları nəzərə alaraq, "Neftçi" PFK Samir Abasovu istefaya göndərib. Klubda çalışdığı müddətdə yüksək əzmkarlıq göstərmiş və iş etikasına sadiq qalmış Samir Abasova xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.
Hazırda yeni baş məşqçi axtarışları davam edir. Komandanı "Turan Tovuz"la noyabrın 28-də keçiriləcək qarşılaşmaya hazırlamaq Sənan Qurbanova həvalə edilib.
13:10
"İndi danışmağımın yeri və vaxtı deyil. Rəsmi açıqlama veriləcək, biləcəksiniz. İndi nəsə danışmaq halında deyiləm. 1-2 saata, uzağı günün sonuna qədər hər şey bəlli olacaq".
Bu sözləri "Neftçi"nin baş məşqçisi postundan istefaya göndərildiyi bildirilən Samir Abasov deyib.
47 yaşlı mütəxəssis "Neftçi" haqqında danışmaq istəmədiyini bildirib:
"Bunu "Neftçi" haqqında yox, ümumi deyirəm. Bu gün kimsə hansısa klubu Premyer Liqada saxlayır, şirin-şirin danışır, hamı onu tərifləməyə başlayırlar. Amma elitadan düşmə təhlükəsi olan komandanı saxlayıb, gələn il avrokuboklara aparan adam barədə heç kim danışmır. Danışmaq istəyənləri də ört-basdır edirlər, danışmağa qoymurlar. Ürəyim ağrıyır. Sadəcə kimə deyim, kim var ki, indiyədək kim olub ki, arxamda? O haldayam ki… "Neftçi" haqda danışmaq istəmirəm. Azərbaycan üçün nə məşqçi, nə mütəxəssis, nə də işləyən lazımdır. Adamın, bir də səni tərifləyənin, danışanın lazımdır", - deyə o, "teleqraf"a açıqlamasında deyib.
11:10
"Neftçi" baş məşqçisi Samir Abasovu istefaya göndərib.
İdman.Biz "teleqraf"a istinadən xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxışı olub.
Paytaxt klubunun rəhbərliyi ötən gün Azərbaycan Premyer Liqasının XII turunda evdə "İmişli"yə 2:3 hesablı məğlubiyyətdən sonra 47 yaşlı mütəxəssislə bağlı fikrini qətiləşdirib və müqaviləyə xitam verilib.
Qeyd edək ki, Samir Abasov 2024-cü ilin oktyabrından "Neftçi"nin baş məşqçisi idi. O, daha əvvəl 2020-2022-ci illərdə də "ağ-qaralar"ı çalışdırıb.
Посмотреть эту публикацию в Instagram