Misli Premyer Liqasının XIII turunun "Şamaxı" – "Qəbələ" oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Yeton Bekiri jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Bu gün kobud bir neçə səhv etdik. İkinci hissənin əvvəlində qapıçımız qırmızı vərəqə aldı. Belə liqada 45 dəqiqə 10 nəfərlə oynamaq çətindir.
– Yol verdiyiniz səhvlərin əsas səbəbi nədir?
– Futbolda belə hallar olur. İlk hissədə qol imkanlarımız oldu, amma dəyərləndirə bilmədik. Matçın sonlarında da irəlidə fəal oynadıq. Sadəcə ikinci hissənin əvvəlində azlıqda qalmağımız bizi çətin vəziyyətə saldı.
– Komandada sanki intizamsızlıq var. Futbolçular əvəzlənəndə narazılıq edir, sizinlə görüşmürlər…
– Oyunçularla aramda problem yoxdur. Sadəcə belə matçlardan sonra onlar da qəzəbli olurlar. Hansısa futbolçu məcbur deyil ki, oyundan çıxanda məşqçi ilə görüşsün.
– Qarşıda ölkə kubokunda "Şahdağ Qusar"la matç var. Kubok sizin üçün nə dərəcə önəmlidir?
– Kuboka maksimum dərəcədə yaxşı hazırlaşmalı və qələbə qazanmalıyıq. Qarşıda sıx qrafikimiz var. Ardıcıl dörd oyunu səfərdə keçirdik. Bunu bəhanə kimi demirəm. Çalışıb, qələbələr qazanmalıyıq.