"Turan Tovuz"la matç çətin alındı. Nəticəyə baxmayaraq, yaxşı oyun göstərdik. Hər iki komandanın mübarizə apardığı, qələbə qazanmaq üçün əlindən gələni etdiyi bir oyun idi. Son dəqiqələrdə konsentrasiyamızı itirdik və qol buraxdıq. Amma ümumilikdə, fikrimcə, komandamız yaxşı oynadı. Biz yaxşı mübarizə ruhu göstərdik və düşünürəm ki, bu oyun gələcək matçlar üçün bizə ümid verir".
Bu sözləri "Kəpəz"in müdafiəçisi David Domqyoni Sportal.az saytına açıqlamasında bildirib.
Gəncə təmsilçisinin albaniyalı futbolçusu komandanın gözləniləndən də uğurlu çıxış etməsinə münasibət bildirib: "Bəli, mən gələndə komanda artıq yaxşı gedirdi, yaxşı nəticələr qazanırdı. Lakin məncə daha da yaxşısını edə bilərik. Çox çalışacağıq. Mövsümün sonunda daha yaxşı nəticə ilə daha yaxşı yerlərdə olacağına inanıram".
Karyerası ərzində "Tirana", "Menemenspor", "Lutsern", "Manisa", "Tobol", "Partizani" kimi klublarda oynamış 29 yaşlı futbolçu Azərbaycan çempionatını bəyəndiyini deyib: "Azərbaycan çempinatı çox yaxşı liqadır, səviyyəli çempionatdır. Hər bir komanda digərinə qalib gələ bilər. Bu da çox yaxşıdır, Azərbaycan çempionatını çox bəyənirəm"
Mirbağırağa