UFC-nin orta çəki dərəcəsində çıxış edən rusiyalı döyüşçüsü Baysanqur Susurkayev dekabrın 12-də ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək UFC-335 turnirindən çəkilib.
İdman.Biz "MMA Fighting"ə istinadən xəbər verir ki, məşq zamanı ayağı sınan döyüşçü bu ilin sonunadək oktagona qayıda bilməyəcəyini açıqlayıb.
Susurkayevin rəqibi Damian Pinas isə bu xəbərə sərt reaksiya verərək sosial şəbəkədə onu təhqir edib:
"Ey Baysanqur, əvvəllər də demişdim ki, sən qorxaqsan. İndi bunu hamıya sübut etdin. Ancaq danışmağı bacarırsan, döyüşə gələndə isə qancıq kimi qaçdın!"

Pinas daha sonra həmin paylaşımın ekran görüntüsünü instaqram hesabında yayımlayaraq Susurkayevi işarələyib və əlavə edib:
"Bir də heç vaxt mənim adımı çəkmə".
Susurkayev isə zədəsi ilə bağlı açıqlamasında hər şeyin həmişə planlaşdırıldığı kimi getmədiyini, zədələrin idmanın bir hissəsi olduğunu bildirib. O, sağaldıqdan sonra oktagona qayıdacağını və başladığı işi sona çatdıracağını vurğulayıb. Rusiyalı döyüşçü UFC rəhbərliyindən, Dana Uaytdan, Mik Meynarddan və rəqibindən üzr də istəyib.
Qeyd edək ki, peşəkar karyerasında 12 qələbə qazanan Susurkayev hələ məğlubiyyətlə üzləşməyib. Pinasın isə 11 qələbəsi və bir məğlubiyyəti var. Hər iki döyüşçü UFC-də keçirdiyi üç qarşılaşmada vaxtından əvvəl qalib gəlib.
Pinasın UFC-335 turnirində yeni rəqiblə qarşılaşıb-qarşılaşmayacağı hələ məlum deyil.