Futbol üzrə Azərbaycan Premyer Liqasının onuncu turunda "Şamaxı" futbol komandası doğma meydanda "Neftçi"ni qəbul edəcək. Görüş 1 noyabrda saat 15:00-da Şamaxı şəhər stadionunda başlayacaq.
İdman.Biz xəbər verir ki, matçı Tural Qurbanov idarə edəcək. Ona yan xətt hakimləri Cəmil Quliyev və Asiman Əzizli kömək edəcək, Emin Əliyev ehtiyat hakim olacaq. VAR hakimi Kamal Umudlu, AVAR hakimi Vüsal Məmmədov, AFFA nümayəndəsi isə Kifayət Mustafayevadır.
Azər Bağırovun çalışdırdığı "Şamaxı" doqquz oyunda 13 xal toplayıb və turnir cədvəlində yeddinci pillədədir. Yuri Vernidubun rəhbərlik etdiyi "Neftçi" isə 18 xalla üçüncü yerdə qərarlaşıb.
Tərəflər ölkə çempionatları tarixində 81 dəfə qarşılaşıb. Bu hesaba "Şamaxı"nın əvvəlki adları - "Xəzər Universiteti", "İnter" və "Keşlə" ilə keçirdiyi oyunlar da daxildir. Görüşlərin 16-da "Şamaxı", 45-də "Neftçi" qalib gəlib, 20 matç heç-heçə ilə bitib. Top fərqi 74-130-dur.
"Şamaxı" "Neftçi" ilə son 13 qarşılaşmada qələbə qazana bilməyib. Bakı klubu isə rəqiblə son altı matçda qol vurub. Komandaların sonuncu görüşü bu ilin 10 mayında keçirilib və "Neftçi" 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Şamaxı" əvvəlki turda səfərdə "İmişli"yə 1:2 hesabı ilə uduzub, "Neftçi" isə evdə "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.