«İnter Mayami» Şimali Amerikanın Əsas Futbol Liqasının (MLS) 1/8 final mərhələsinin ilk oyununda öz meydanında «Kolambus»a 0:3 hesabı ilə məğlub olub.
Oxu.Az xəbər verir ki, qonaq komandanın heyətində qolları Qonsalo Tapia (9-cu və 58-ci dəqiqələr) və Taha Habrun (52-ci dəqiqə) vurublar.
Qarşılaşmanın 36-cı dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Qonsalo Luxan qırmızı vərəqə alaraq meydandan qovulub. Nəticədə «İnter Mayami» matçın qalan hissəsini azlıqda keçirib.
İki qələbəyədək davam edəcək seriyanın növbəti oyunu «Kolambus»un doğma meydanında baş tutacaq.
Qeyd edək ki, «İnter Mayami» MLS-in son çempionudur. Komandanın heyətində səkkizqat «Qızıl top» mükafatçısı Lionel Messi də çıxış edir.