Çempionlar Liqasındakı təmsilçimiz "Sabah" növbəti oyununda məğlubiyyətlə üzləşdi.
Bu dəfə rəqib dünya futbolunun nəhənglərindən hesab olunan, Çempionlar Liqasının beşqat qalibi "Barselona" idi.
Təmsilçimiz matçboyu kifayət qədər layiqli oyun nümayiş etdirdi. Rəqibindən çəkinmədi, dəfələrlə təhlükəli qol epizodları yaratdı və ən əsası, "Barselona" kimi nəhəngin qapısına qol vurmağı bacardı.
Əlbəttə, klubların büdcəsi, futbolçu potensialı, infrastrukturu, bir sözlə, ümumi imkanları arasında müqayisəolunmaz dərəcədə fərq var.
Məhz bu amilləri nəzərə alsaq, "Sabah"ın nümayiş etdirdiyi cəsarətli futbolun əhəmiyyəti böyükdür. Təsadüfi deyil ki, azarkeşlər və futbol ictimaiyyəti təmsilçimizin çıxışını alqışlayır, komandanın mübarizəsini yüksək qiymətləndirir.
Lakin belə bir məqamda Rusiyada fəaliyyət göstərən "Матч ТВ"nin oyuna münasibəti diqqət çəkib.
Telekanalın sosial şəbəkə hesablarında qarşılaşmanın nəticəsi təqdim edilərkən "Sabah"a qarşı istehzalı yanaşmaya yol verilib. Belə ki, materialın başlığında "Barsa"nı qonaq çağırmayın. Ağrıdacaq" ifadəsindən istifadə olunub.
Görünən odur ki, bəzi dairələr təmsilçilərimizin Avropa arenalarında göstərdiyi uğurlu və rəqabətədavamlı futbolu obyektiv qiymətləndirmək istəmir və müxtəlif formalarda don geyindirməyə çalışırlar. Nəticədən asılı olmayaraq, "Sabah"ın meydanda göstərdiyi mübarizəyə hörmətlə yanaşmaq əvəzinə, onun çıxışına kölgə salırlar.
"Матч ТВ"nin rəhbərliyində və idarəetmə strukturunda erməni əsilli şəxslərin təmsil olunduğu barədə də məlumatlar mövcuddur.
Maraq üçün bildirək ki, sözügedən telekanalda əsas söz sahiblərinin arasında erməni və erməniəsilli şəxslər yer alıb.
HƏBİB