"Neftçi"də yeni mükafatlandırma sistemi müəyyənləşdirilib. Premyer Liqada uğurlu mövsüm keçirən "ağ-qaralar" 1000-5000 manat civarında pul qazana bilər. Komanda çempionatda ardıcıl 5 qələbə qazanarsa, alacaqları 3 xalın qiymətləndirilməsi 1000 manatdan başlayır. Beşinci qalibiyyətin qarşılığı ilə 5000 manat təşkil edəcək. Altıncı zəfərdə isə eyni rəqəmdə mükafat bank hesablarına köçürüləcək.
Şər deməsən, xeyir gəlməz: işdir-şayəd, qələbə seriyası ikinci, yaxud üçüncü matçda qırılarsa, təyin olunmuş "ənam" yenidən 1000 manata düşəcək. Klub rəhbərliyinin qərarı verməsi başadüşüləndir - onlar bu yolla futbolçuları hər oyuna maksimum kökləməyi planlaşdırır.
Baş məşqçi Yuri Vernidub da öz növbəsində yenilik edib.Belə ki, komanda heç-heçə etdiyi oyunlara görə mükafat almır. Ödəniş yalnız qələbə müqabilində mümkündür.
60 yaşlı çalışdırıcı rəhbərliklə görüşdə və oyunçularla keçirdiyi iclasda bu qərarını məntiqi yolla əsaslandırıb. O, "Neftçi"nin ölkənin ən yaşlı klubu olmasını xatırladıb, yalnız qalibiyyət barədə düşünmələri gərəkdiyini bildirib.
"Böyük tarixə malik "Neftçi" yalnız çempionluq uğrunda mübarizə aparmalıdır. Biz 1 xal qazananda sevinməli deyilik.
Daxilən məyusluq hissini yaşamalı və utanmalıyıq. Mən isə bunu istəmirəm. Gərək hər oyuna qazanmaq niyyəti və məqsədi ilə çıxaq.
Heç-heçə etməyi başımızdan ataq. Ağlımızda belə fikirlər olmamalıdır. Özümüzü çempionluğa mental olaraq hazırlamalıyıq.
"Neftçi"nin formasını geyinən futbolçu 1 xalı özünə yaraşdırmamalıdır" - Vernidub söyləyib.
Premyer Liqada 12 tur arxada qalıb: Bu müdətdə 8 qələbə əldə edən bakılılar 27 xalla turnir cədvəlinin lideridir.
"Neftçi" ikinci-üçüncü pillələri bölüşdürən "Sabah"la "Turan Tovuz"u 3, dördüncü sıradakı "Qarabağ"ı 7 xal qabaqlayır.
SPORTİNFO.AZ