"Real Madrid"in prezidenti Florentino Peres bu gün Londonda keçiriləcək "Qızıl top" mükafatının təqdimetmə mərasimində iştirak etməyəcək.
İdman.Biz "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 79 yaşlı klub rəhbəri Böyük Britaniyanın paytaxtına səfər etməmək qərarına gəlib. Onun bu qərarının səbəbi açıqlanmayıb.
Bununla belə, "Real Madrid" ikiillik boykota son qoyaraq mərasimdə təmsil olunacaq. Klubun nümayəndə heyətinə institusional əlaqələr üzrə direktor Emilio Butraqenyo rəhbərlik edəcək. Kilian Mbappe də Londona gedən futbolçular arasındadır.
"Real Madrid" 2024-cü ildə Vinisius Juniorun "Qızıl top" mükafatını qazana bilməməsindən sonra mərasimi boykot etmişdi. Həmin il mükafata "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri layiq görülmüşdü. Madrid təmsilçisi 2025-ci ildə də mərasimdə rəsmi nümayəndə heyəti ilə iştirak etməmişdi.
Qeyd edək ki, "Qızıl top" mükafatının 70-ci təqdimetmə mərasimi oktyabrın 26-da Londondakı "London Palladium" teatrında keçiriləcək.