Futbol üzrə Braziliya millisinin sabiq qadın yarımmüdafiəçisi Gabi Morais ölkənin ən nüfuzlu cinayətkar təşkilatlarından biri olan "Komando Vermelyo"ya qarşı keçirilən genişmiqyaslı polis əməliyyatı zamanı həbs edilib. 32 yaşlı idmançı narkotik ticarətindən əldə olunan pulları müxtəlif kommersiya müəssisələri və xidmət şirkətləri vasitəsilə yumaqda şübhəli bilinir.
İdman.Biz xəbər verir ki, bu barədə "derbyderbyderby.it" nəşri məlumat yayıb.
Eyni əməliyyat çərçivəsində onun qardaşı Joao Paulo Karneyro de Morais də saxlanılıb. Onların hər ikisi yerli medianın "Komando Vermelyo"nun strukturunda mühüm fiqur kimi təqdim etdiyi Joao Prezinyanın övladlarıdır.
Sabiq futbolçu onlarla şəxsin cinayətkar şəbəkədə iştirakda şübhəli bilindiyi istintaqın mərkəzində yer alıb. Sözügedən şəbəkənin Gabi Moraisin doğma şəhəri olan Fortalezada fəaliyyət göstərdiyi bildirilir.
İstintaqın versiyasına görə, Gabi qanunsuz fəaliyyətlərdən əldə edilən gəlirlərin yuyulmasına kömək edib, həmçinin təşkilatın maraqları naminə yeni kommersiya sövdələşmələri ilə bağlı danışıqlar aparıb.