İngiltərə Premyer Liqasının 18 klubu "Mançester Siti" futbol klubunun sponsorlarının mümkün məhkəmə iddiaları fonunda liqa rəhbərliyinə əlavə hüquqi müdafiə verilməsini dəstəkləyib.
İdman.Biz "Sky Sports"a istinadla xəbər verir ki, Liqa səhmdarlarının toplantısında keçirilən səsvermədə yalnız "Mançester Siti" və "Nottingem Forest" təklifin əleyhinə çıxış ediblər.
Qəbul edilən qərara əsasən, Premyer Liqanın beş rəhbər şəxsi, o cümlədən icraçı direktor Riçard Masters və direktorlar şurasının sədri Elison Britten əlavə hüquqi müdafiə ilə təmin olunacaq. Bu, onlara qarşı fərdi qaydada məhkəmə iddiası qaldırılacağı təqdirdə hüquqi xərclərin qarşılanmasını nəzərdə tutur.
"Sky Sports"un məlumatına görə, "Nottingem Forest"in təklifin əleyhinə səs verməsi "Mançester Siti"yə dəstək məqsədi daşımayıb. Klub səsvermədən əvvəl qayda dəyişikliyini qiymətləndirmək üçün iştirakçılara kifayət qədər vaxt və məlumat verilmədiyini hesab edib.
Qərarın qəbuluna səbəb "Mançester Siti"nin əsas sponsorları "Etihad Airways" və "Etisalat"ın liqa rəhbərliyinə qarşı mümkün hüquqi addımları nəzərdən keçirməsidir. Şirkətlər sponsorluq müqavilələri ilə bağlı mübahisələr nəticəsində nüfuzlarına zərər dəydiyini iddia edə bilərlər.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının müstəqil komissiyası "Mançester Siti"ni maliyyə qaydalarını pozmaqda təqsirli bilib. Araşdırma zamanı klubun kommersiya gəlirlərini təxminən 830 milyon funt sterlinq (1,9 milyard manat) artırmaq üçün saxta sponsorluq müqavilələrindən istifadə etdiyi müəyyənləşdirilib.
Mançester təmsilçisi ittihamları qəbul etmir və komissiyanın nəticələrindən şikayət verib. İş üzrə yekun sanksiyalar hələ müəyyənləşdirilməyib.