"Barselona" və Braziliya millisinin keçmiş müdafiəçisi Dani Alves bildirib ki, həbsxanada olduğu müddətdə özünü futbolçu kimi çıxış etdiyi illərdəkindən daha xoşbəxt hiss edib. Sport24.az xəbər verir ki, o, bu sözləri "Goal"a açıqlama verib:
"Allaha və futbola şükür, milyonlarla avro qazandım, amma həbsxanada cəmi 113 avro ilə yaşayarkən, futbol oynayıb milyonlar qazandığım vaxtdakından daha xoşbəxt idim".
43 yaşlı braziliyalı onu da vurğulayıb ki, həbsdə olduğu müddətdə vaxtını obyektlərin təmizlənməsinə sərf edib. Onun sözlərinə görə, inancı ona pul və uğura olan baxış bucağını dəyişməyə kömək edib.
Alves 2023-cü ilin yanvarında cinsi təcavüz ittihamı ilə həbs olunub. 2024-cü ilin fevralında o, dörd il yarım müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin martında, təxminən 14 ay həbsdə qaldıqdan sonra, bir milyon avro girov müqabilində azadlığa buraxılıb.
Qeyd edək ki, 2025-ci ilin martında Kataloniya Ali Məhkəməsi hökmü ləğv edərək Alvesə bəraət verib. Braziliyalı futbolçu karyerası ərzində "Barselona" ilə üç dəfə Çempionlar Liqasının qalibi olub və Brazliya yığması ilə isə iki dəfə Amerika Kubokunu (Copa América) qazanıb.