FİFA-nın keçmiş prezidenti Sepp Blatter bildirib ki, təşkilatın hazırkı rəhbəri Canni İnfantino növbəti müddətə namizədliyini irəli sürə bilməz. Sport24.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib:
"Məsələ sadədir və FİFA-da prezidentlik müddətlərinin sayı ilə bağlı məhdudiyyətlərə əsaslanır. 2015-ci il iyunun 2-də mən vəzifəmdən istefa verdiyimi elan etdim. Birinci vitse-prezident İssa Hayatu FİFA prezidenti vəzifəsini müvəqqəti icra etməyə başladı və seçki konqresi təşkil etdi.
2016-cı ilin fevralın 26-da Canni İnfantino təşkilatın prezidenti seçildi. 2016-cı ilin fevralından 2019-cu ilin iyununa qədər olan bu dövr İnfantinonun birinci müddəti idi. Daha sonra 2019 və 2023-cü illərdə yenidən seçilməsi ilə onun müddətlərinin ümumi sayı maksimum hədd olan üçə çatdı. Nəticədə, o, artıq yenidən seçkilərdə iştirak etmək hüququna malik deyil".
Qeyd edək ki, FİFA qarşıdan gələn prezident seçkilərində iştirak edəcək üç namizəddən ibarət siyahını təsdiqləyib. İnfantino da bu siyahıdadır. Digər namizədlər Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo və Yaponiya Futbol Assosiasiyasının keçmiş rəhbəri Kozo Taşimadır.