“Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksmovun dünən mətbuat konfransında səsləndirdyi fikirlər ciddi müzakirələrə səbəb oldu. Buna ukraynalı çalışdırıcının “Neftçi”yə 1:3 hesablı məğlubiyyətdən sonra əsas hücumçusu Ağadadaş Salyanskinin oynamamasının detallarını açıqlaması rəvac verdi.
Bəlli oldu ki, forvard “Neftçi”dən icarəyə götürülərkən onun müqavilə illə məxsus olduğu komandaya qarşı oynamaması razılaşdırılıb. Bu səbəbdən Ağadadaşın dünən oynaması mümkün olmayıb.
Salyanskinin oynaması onsuz da bərbad vəziyyətdə olan naxçıvanlılar üçün heç nəyi dəyişməyəcəkdi. Məğlubiyyət yaddan çıxıb, sosial şəbəkədə məhz bu qərar müzakirəyə çıxarılıb.
Doğrudur, icarə müqavilələrində rəsmən bu barədə qeyd adətən olmur. Peşəkar Futbol Liqasının Əsasnaməsi də hətta belə bir anlaşma olduğu halda onu etibarsız edir. Lakin analoji hallar həmişə olub və bu, klublar arasında centlmen razılaşması ilə tənzimlənib. Yəni, qaydalar oyunçunun müqavilə ilə məxsus olduğu kluba qarşı oynamasına imkan versə də, şifahii razlaşmaya görə fərqli addım atılır.
Maksimov dünən özünü qorumaq, heyətdə kifayət qədər oyunçunun olmamasını izah etmək üçün bu açıqlamanı verdi. Əvəzində rəhbərlik çətin vəziyyətdə qaldı. “Araz-Naxçıvan” tərəfi bu şərtə razılaşmaqla faktiki rəqibinə təslim olub. Ağadadaş “Qarabağ”a, “Sabah”a qol vurub onların əsas rəqibinə qarşı meydana çıxmırsa, burada da ədalətsizlik var. Eyni hal “Sabah”dan icarəyə götürülən Abdulla Rzayev üçün də keçərlidir.
Lakin bu məsələyə görə “Neftçi”ni qınamaq ədalətsizlikdir. Naxçıvanlılar Ağadadaşı icarəyə götürüb onunla normal müqavilə imzalasaydı, “ağ-qaralar” heç bir şərt irəli sürə, hücumçuya oynamaq qadağası qoya bilməzdi. İş ondadır ki, Salyanski “Araz-Naxçıvan”da oynasa da, maaşını uzunmüddətli müqavilə ilə məxsus olduğu “Neftçi” verir. Flaqman onun hazırkı heyətdə forma şansı qazanmayacağını bildiyindən, başqa yerdə oyun təcrübəsi əldə etməsini istədiyindən belə addım atıb. Ona görə də paytaxt klubunun maaşını ödədiyi hüçumçuya qadağa qoyması yerində qərardır. Qoy yüzminləri ehtiyatda oturan əcnəbilərə xərcləyib özünü labirintə salan “Araz-Naxçıvan” rəsmiləri utansın!
“Araz-Naxçıvan” taleyin ümidinə buraxılmış komandaya bənzəyir. İcarəyə götürülən futbolçuların oynamaq hüququ yoxdur, Ceyhun Nuriyev mövsümün gedişində hərbi xidmətə yollanıb. Maksimov dünən meydana buraxmağa 5-ci əvəzedicini tapa bilmədi, sonradan oyuna çıxanlardan da ikisi zatən təcrübəsiz gənc idi. Belə klubun Premyer Liqada nə işi var?
ABBAS