Premyer Liqada yoluna pis davam edən "Araz-Naxçıvan"da mükafat fondu artırılıb.
Muxtar Respublika təmsilçisi bundan sonra çempionatda qazanacağı hər qələbəyə görə böyük məbləğ əldə edəcək.
Həmin rəqəm rəqiblərdən asılı olaraq, 50-70 min manat arasında dəyişir. "Ağ-qırmızılar"a bu jesti edən isə Zaur Axundovdur.
Naxçıvan Futbol Federasiyasının (NFF) birinci şəxsi əvvəlkitək komandanın arxasında dayanıb. Özü də təkbaşına!
NFF-nın birinci şəxsi "Araz"ın üzləşdiyi vəziyyətdən çıxması üçün əlindən gələni əsirgəmir. Gücü nəyə çatırsa, onu da edir.
Naxçıvan klubu ötən 12 tur ərzində qalibiyyət üzü görməyən yeganə iştirakçıdır. Passivində 8 məğlubiyyət olan kollektiv 4 xalla turnir cədvəlinin son pilləsində yer alıb.
İlk altı həftədə Cavid Hüseynova güvənən "Araz" rəhbərliyi 2 ay öncə Yuri Maksimovu görəvə gətirib.
Fəqət, nəticələr hələ də düzəlməyib - yerli mütəxəssis də 2 xal toplayıb, onun ukraynalı həmkarı da.
SPORTİNFO.AZ