UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Sabah"la qarşılaşacaq "Barselona"nın yarımmüdafiəçisi Dani Olmo zədəsini sağaldıb.
Futbolinfo.az xəbər verir ki, İspaniya millisinin üzvü bir ay yaşıl meydanlardan uzaq qaldıqdan sonra La Liqanın 13-cü turunda dünən "Vilyarreal"la keçirilən görüşdə ikinci hissədə mübarizəyə qoşulub.
"Mundo Deportivo" nəşri bunu "Sabah"la görüş öncəsi baş məşqçi Hansi Flik üçün ən sevindirici xəbər kimi dərc edib. Bildirilib ki, Olmo Bakıdakı matçda start heyətində meydana çıxacaq və komandanın əsas "silahı" olacaq. Çalışdırıcı pleymeyker mövqeyində məhz ona güvənəcək və Fermin Lopesə istirahət verəcək.
27 gün ərzində 9 oyun keçirəcək Flik bütün futbolçuları rotasiya ilə oynatmağı düşünür. Bu üzdən Bakıdakı qarşılaşmada başqa dəyişikliklər də istisna edilmir.
Qeyd edək ki, "Sabah" – "Barselona" oyunu noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək.